“Azərbaycanla Rusiya arasında neftin tranziti məsələsində hələ son nöqtə qoyulmayıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib.
Onun sözlərinə görə, vəziyyəti dramatikləşdirməyə dəyməz, çünki hələlik son qərar verilməyib: "Azərbaycanın mətbuat orqanları bu məsələni bir az dramatikləşdirirlər. İstənilən dövlət özünün iqtisadi rentabelliyi nöqteyi-nəzərindən çıxış edir. Bu məsələ ilə bağlı öncədən də danışıqlar aparılmışdı, fikirlər bildirilmişdi. Bakı-Novorossiysk kəməri ilə neftin nəqli ilin sonunadək davam edəcək. Çünki tərəflər tranzitlə bağlı qərar qəbul etdikdə bir-birilərini 6 ay öncədən xəbərdar edirlər. Aparılan danışıqların nəticəsi olaraq istər biz, istərsə də Rusiya tərəfinin son sözünü demək imkanı olacaq. Vəziyyəti öncədən gərginləşdirməyə səbəb olacaq fikir söyləmək düzgün deyil. Yəni bu məsələyə hələlik nöqtə qoyulmayıb".