Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Respublikası prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Diyeqo Kanepa Uruqvay prezidenti Xose Alberto Muxica Kordanonun xüsusi tapşırığı ilə Azərbaycana səfər etdiyini və ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Diyeqo Kanepa Cənubi Qafqaz və Orta Asiya regionu, xüsusən də bu regionda həyata keçirilən iri layihələr və baş verən proseslərlə yaxından tanış olduğunu, eyni zamanda Azərbaycanda gedən inkişaf proseslərini diqqətlə izlədiklərini söyləyib. Elmar Məmmədyarov ilk öncə Ermənistan-Azərbaycan münaqişəsi, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi və bu işğalın mənfi nəticələri barədə qonaqlara məlumat verib və işğalın aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələri xatırladıb. Azərbaycanın da ikitərəfli əlaqələrin genişləndirilməsi və dərinləndirilməsində maraqlı olduğunu qeyd edən nazir Elmar Məmmədyarov, hər iki ölkə üçün uyğun sahələrin seçilməsini və həmin sahələrə investisiya qoymaq imkanlarının öyrənilməsinin vacibliyini bildirib.