Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze ilə görüşüb.
Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, görüşdə iki ölkə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin mehriban qonşuluq zəminində inkişafından məmnunluq ifadə olunub.
Nazir Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq hər iki ölkə xalqlarının maraqlarına xidmət edir və ölkələrimizin rəhbərliyinin göstərdiyi siyasi iradə bu əməkdaşlığa xüsusi töhfə verir.
Nazirlər birgə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizinin əsas xətləri olan TAP və TANAP layihələrinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin regional əməkdaşlığa daha da böyük töhfə verəcəyinə əminlik ifadə ediblər və Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasının yekunlarını yüksək qiymətləndiriblər.
Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandıran Mixeil Canalidze, energetika sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığa misal olaraq Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətini qeyd edib.
Görüşdə həmçinin, iki ölkə arasında müqavilə-hüquq bazasının hazırkı vəziyyətindən razılıq ifadə olunub və bildirilib ki, Azərbaycanla Gürcüstan arasında bu günə kimi yüzdən artıq sənəd imzalanıb. Delimitasiyası məsələsinə toxunan nazirlər, bu işin uğurla davam etdirildiyini təsdiqləyiblər və yaxın vaxtlarda işçi qrupunun növbəti iclasının keçiriləcəyini bəyan ediblər.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın yürütdüyü destruktiv siyasət barədə məlumat verərək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini regionun inkişafı üçün əsas maneə olduğunu diqqətə çatdırıblar.
Hər iki nazir bir daha qarşılıqlı şəkildə təmsil dövlətlərin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə ediblər.