Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini ilə telefonla danışıb. Lent.az-ın Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, E. Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginlik ilə əlaqədar Mogeriniyə məlumat verib. O deyib ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini və mülki obyektləri hədəfə alaraq, Azərbaycan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutması nəticəsində bir neçə mülki şəxs həlak olub və yaralanıb.
Gərginliyin yaranmasının əsas səbəbinin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu olduğunu diqqətə çatdıran nazir gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olunması üçün Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
Nazir əlavə edib ki, münaqişənin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır.
Elmar Məmmədyarovun həmkarları ilə intensiv təmasları davam etdirilir.