Azərbaycan mediasının Rusiya XİN-ə və konkret Mariya Zaxarovaya ünvanladığı suallar qüvvədə qalır
Diplomat həm də gözəl natiq olmalıdır. Natiqlik qabiliyyəti ilk növbədə diplomatın, sonra isə onun simasında təmsil etdiyi ölkənin səviyyəsini ortaya qoyur. Auditoriya qarşısında ikrah doğuran, təhqiredici ifadələrdən istifadə hər kəsdən öncə diplomata yaraşmaz, amma bu qayda deyəsən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya tanış deyil. Media sektoru ilə çalışan bir qadının media nümayəndələrini “yekəbaş” adlandırması, fəaliyyətini isə “yekəbaşlıq” kimi dəyərləndirməsi anormallıqdır. Ən azı ona görə ki, Rusiyanın strateji münasibətlərə sahib olduğu dövlətin mediasını “yekəbaşlıqla məşğul olmaqda” ittiham etmək bir diplomata, üstəlik XİN-in rəsmi nümayəndəsinə yaraşmır.
Azərbaycan kütləvi informasiya vasitələrinin “günahı” nədir? Rusiya blogger Aleksandr Lapşinlə Dilqəm Əsgərovun durumunu eyniləşdirmək istəyir, Azərbaycan mediası isə adı çəkilən iki şəxs arasında paralel aparılmasını düzgün saymır.
Lapşin Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, a) Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz səfər edib, b) Azərbaycan qanunlarını ələ salıb, c) dövlət sərhədlərimizi qanunsuz şəkildə keçməyə cəhd göstərib. Hər üç fakt beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir və cinayət məsuliyyəti formalaşdırır.
Dilqəm Əsgərov isə Azərbaycan və Rusiya vətəndaşıdır, vətəndaşlıq hüququ olduğuna görə, Azərbaycan Konstitusiyasının müddəalarına əsasən ölkənin istənilən ərazisində sərbəst hərəkət etmək hüququ var. İşğal altında olan Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon Azərbaycan ərazisidir, bu fakt bütün dünya, o cümlədən Rusiya tərəfindən tanınır, Dilqəm Əsgərovun dədə
-baba torpağına getdiyinə görə, işğalçılar tərəfindən “cəzalandırılması” absurddur.
Əslində bu iki şəxsin hüquqi durumunu eyniləşdirmək Zaxarovanın təbirincə desək, “xamstvo”dur, yəni yekəbaşlıqdır. Media təbii ki, ölkələrarası münasibətlərdə bu kimi ifadələrdən istifadənin ən azı ədəb qaydalarına uyğun olmadığını anlayır və mövzuya dair heç bir məqalədə, xəbərdə “xamstvo” sözünün mənasına uyğun gələcək ifadə işlətməyib. Mariya Vladimirovna isə məsələyə etnik və dini mənsubiyyət prizmasından deyil, beynəlxalq hüquq normaları, yerli qanunvericilik baxımından yanaşan Azərbaycan mediasını “yekəbaşlıq etməkdə” günahlandırır. Halbuki Zaxarovanın məsələyə öz baxışı etnik və dini mənsubiyyətə əsaslanır. Əvvəlcə diplomatik etiket qaydalarını, daha sonra ədəb qaydalarını pozan Mariya Zaxarova adının qarşısında “Rusiya XİN-in rəsmi nümayəndəsi” sözü yazıldığını, hansı status daşıdığını unudur.
Həm də unutqanlıq özünü təkcə Azərbaycan jurnalistlərinə münasibətdə göstərmir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədri kimi ilk növbədə tərəfsizliyini ortaya qoymalıdır. Çünki Rusiya tərəfsiz olmadan problemə obyektiv yanaşdığını isbatlaya bilməz, obyektiv yanaşmazsa, etimad qazana bilməz. Mariya Zaxarovaya bir diplomat kimi bunları xatırlatmaq artıqdır. Həm də əhəmiyyəti yoxdur, aprelin 24-də qondarma “erməni soyqırımının” ildönümü münasibətilə şəxsi “Facebook” səhifəsində “əzabkeş erməni xalqına” başsağlığı verən, özünün erməni əsilli olduğunu xatırladan Mariya Zaxarovaya tərəfsizlik zərurətini bir daha xatırlatmağın nə mənası var?
Azərbaycan media təmsilçilərinin suallarını, Rusiya XİN-in açıqlamalarına yazılan obyektiv məqalələri həzm edə bilməyən Mariya Zaxarova anlamır ki, bu suallar və məqalələr Rusiyanın münaqişəyə qeyri-obyektiv yanaşması nəticəsində ortaya çıxır. Və Rusiya tərəfin vəzifəsi Azərbaycan cəmiyyətində, o cümlədən mediada itirdiyi etimadı bərpa etmək olmalıdır. Bunun isə bir yolu var - Azərbaycan jurnalistlərinin verdiyi sualları beynəlxalq hüquq normaları ilə əsaslandırılmış şəkildə cavablandırmaq lazımdır. Sual hələ də qüvvədədir: Aleksandr Lapşinlə Dilqəm Əsgərovun durumu nə üçün eyniləşdirilir və əgər Moskva iki şəxsin durumunda fərq görmürsə, Lapşinin durumunu yüngülləşdirmək üçün ciddi cəhdlər edən Rusiya nə üçün digər vətəndaşı Dilqəm Əsgərovla bağlı eyni addımı atmaq belə istəmir?