Deputat Sabirabadda atasına heykəl qoydurub
19 avqust 2017 14:55 (UTC +04:00)

Deputat Sabirabadda atasına heykəl qoydurub

Milli Məclisin deputatı Rüstəm Xəlilov Sabirabadda atası Gülabba Xəlilova heykəl qoydurub.

 

Lent.az-ın məlumatına görə, Sabirabad sakinləri sosial şəbəkələrdə yazıblar. Onların yazdığına görə, qızıl suyuna çəkilmiş heykəl rayonun Nizami kənd bələdiyyəsinin binasının qarşısında ucaldılıb.

 

Hətta R. Xəlilovun kənd sakinlərini heykəlin ətrafında təmizliyə riayət etməyə və heykəli mütəmadi ziyarət etməyə məcbur etdiyi də qeyd olunur.

Sakinlər sosial şəbəkədə yazıblar ki, xəbər yayılandan sonra R. Xəlilov kənd nümayəndlərinə "xəbər yayanları cəzalandırmaq üçün heykəlinin ətrafını süpürməyi tapşırıb". Sakinlər bununla bağlı Prezident Administrasiyasına da şikayət etdiklərini deyiblər.

 

Qeyd edək ki, R. Xəlilovun atası Gülabba Xəlilov məşhur pambıqçı olub. O, 1941-1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1944-1955-ci illərdə isə əmanət kassasında müdir, müfəttiş, rayon icraiyyə komitəsinin katibi və maşın-traktor stansiyasının (MTS) aqronomu işləyib. 1955-ci ildən Sabirabad rayon Jdanov adına kolxoza sədrlik edib.

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1982-ci il tarixli fərmanı ilə əməkdə göstərdiyi nailiyyətlərə və qəhrəmanlığa görə Gülabba Ağaşirin oğlu Xəlilov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Lenin Ordeni və “Oraq və Çəkic” qızıl medalı alıb.

 

Deputat isə “ölkə.az” saytına açıqlamasında heykəlin fotosunu yayan şəxsin Şamaxı sakini olduğunu bildirib: “Həmin adam Şamaxıda oturub bizim kəndə müdaxilə edir, cəfəngiyyat danışır. Onun söylədiyi fikirlərin hamısı iftira və yalandır. Birincisi, o heykəl deyil, büstdür. Atam sosialist əməyi qəhrəmanıdır, deputat olub. Sovet İttifaqı dövründə öz zəhməti və bacarığı hesabına xeyli sayda mükafat alıb. Ulu öndər Heydər Əliyev 7 dəfə bizim kəndimizdə olub, atamla xatirə fotoları var və sairə. İndi hansısa bir adam durub atam haqqında ağılına gələn cəfəng fikirlər səsləndirir. Mən həmin adama cavab verməyi belə özümə yaraşdırmıram”. 

 

Deputat qeyd edib ki, ona qarşı bu cür şər-böhtan xarakterli hərəkətlər davam etsə, məhkəməyə müraciət edəcək:

 

“Hələ istəmirəm ki, məsələ ilə bağlı məhkəməyə müraciət edim. Ancaq belə davam etsə, məcbur olub məhkəməyə müraciət edəcəm. Şamaxıdan olan həmin adam bizə şər-böhtan atır. O adamın qardaşı bizim kənddə yaşayır və bizim nəsilimizi yaxşı tanıyır. Atamın rayonumuz üçün gördüyü faydalı işlər bütün Azərbaycana məlumdur”.

 

Xatırladaq ki, Şamaxı rayon sakini Cəbrayılov Ağamikayıl Oruc oğlu deputat Rüstəm Xəlilov barədə ciddi ittihamlar irəli sürüb.

 

O qeyd edib ki, deputat və qardaşı onun yaxın qohumlarına qarşı qərəzli olmaqla yanaşı, "onları yaşadıqları kənddən sürgün etdirməyə çalışır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067
avatar

Oxşar yazılar