Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli qanununun tətbiqi barədə sərəncam imzalayıb. Lent.az-ın “AzərTAC”-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 169-1-ci maddə əlavə edilsin:
"Maddə 169-1. Siyasi partiyada üzvlüyə məcbur etmə
Siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə - min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.".