Çernobıl qəzasının 31-ci ildönümü ilə əlaqədar Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri millət vəkili Qənirə Paşayeva və Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva Çernobıl əlilləri ilə görüşüb.
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Çernobıl Əlilləri Cəmiyyətinin rəhbəri Mirhəsən Həsənov Çernobıl faciəsi haqqında məlumat verib. O bildirib ki, II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan «Sarqofaq» əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qaldığı üçün səhhətlərinə ciddi ziyan toxunub. Hadisədən artıq 30 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.
Tədbirdə vurğulanıb ki, hazırda Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərin pensiya və müavinətləri artırılıb, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxışlarında bildiriblər ki, o vaxtlar sovet hakimiyyəti Qərb dövlətlərinə öz gücünü nümayiş etdirmək məqsədilə bu faciənin fəsadlarını gizli saxlamağa çalışırdı.
Tədbirdə cəmiyyətin bütün təbəqələrinin, QHT təşkilatları, iş adamlarının da daim Çernobıl əlillərinə dəstək göstərməsinin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri millət vəkili Q. Paşayeva, Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov və Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva Respublika Veteranlar Təşkilatı tərəfindən medalla təltif olunublar. Tədbirin sonunda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-i və Sağlamlığın Qorunması İB-i tərəfindən Çernobıl əlillərinə hədiyyələr təqdim olunub.