Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda BQP başqanı Fazil Mustafanın ictimai-siyasi vəziyyətlə bağlı məruzəsi və Türkiyəyə səfəri ilə bağlı məlumatı dinlənilib.
Toplantıda son zamanlar orduda artmaqda olan əsgər ölümləri ilə bağlı məsələyə münasibət bildirilib. Bu sahədə ciddi irəliləyişlərə nail olmaq üçün hərbi qanunvericilik sahəsində ciddi və cəsarətli addımların atılmasına, radikal islahatlara ehtiyac olduğu qeyd edilməklə bərabər, aidiyyəti qurumlardan, xüsusilə də istintaq işlərini aparan hüquq-mühafizə orqanlarından tezliklə günahkarların aşkar edilməsi və onlara layiq olduqları cəzaların verilməsi tələb olunub.
İclas Müsavat başqanı İsa Qəmbərə qarşı Lənkəranda baş verən hadisəni qınanmalı və utancverici olaraq dəyərləndirib, dövlətin adına ləkə olan bu olayın iştirakçılarının tezliklə tapılıb cəzalandırılmasının vacibliyini vurğulayıb.
Toplantıda Xocalı aeroportunun açılması ilə bağlı erməni işğalçılarının təxribatçı bəyanatlarını qətiyyətlə pislənib: “Bu problemin həll edilməsi üçün diplomatik yollar sona qədər gündəmdə saxlanmalı, lakin Azərbaycan beynəlxalq hüququn ona tanıdığı imkandan yaralanmalı və hava məkanının toxunulmazlığını təmin etməklə ermənilərin niyyətlərini həyata keçirməsinə imkan verməməlidir. Bu, ölkəmizin güzəştə gedə bilməyəcəyi qırmızı cizgilərdən biri olmalıdır”.
İclas Bakı şəhərində gərginliyi durmadan artan nəqliyyatın hərəkət sıxlığına diqqəti yönəldib. Qeyd edilib ki, təcili tibbi yardım maşınlarının həyatla ölüm arasında çarpışan xəstələrin yardımına vaxtında yetişməsi və onları müvafiq xəstəxanalara nəql etməsi, fövqəladə hadisələr zamanı zəruri texnikanın hadisə yerinə zamanında çata bilməsi, eləcə də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin istədikləri yerə planlarına uyğun şəkildə çatdırılması üçün bu qəbildən olan nəqliyyat vasitələrinə ayrıca hərəkət xəttinin ayrılması vacibdir. Bu, həm də ictimai nəqliyyat sektorunda cəmiyyətin narahatlığına səbəb olan qəza hadisələrinin baş verməsinin qarşısının alınmasına ciddi təsir etmiş olar. Bununla bağlı partiya adından aidiyyəti qurumlar qarşısında təkliflə çıxış edilməsi qərara alınıb.