Azərbaycanda səfərdə olan İndoneziyanın Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 20-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
Milli Məclisin sədri deyib ki, qarşılıqlı səfərlər və aparılan səmərəli danışıqlar nəticəsində Azərbaycan-İndoneziya əlaqələri siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 900 milyon ABŞ dolları olduğu halda bu ilin doqquz ayında bu rəqəm 1 milyard 400 milyon dolları ötüb. İqtisadi sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza hazırlanır. Bu günə qədər iki ölkə arasında cəmi 5 sənəd imzalanıb. Daha iki sənəd imzalanma mərhələsindədir. Azərbaycan tərəfi 5, İndoneziya isə 11 sənəd üzərində işləyir. İnanırıq ki, bu sənədlər imzalandıqdan sonra iqtisadi-ticarət sahəsində münasibətlərin inkişafında əsaslı dönüş yaradacaq.
O. Əsədov ölkələrimiz arasında hökumətlərarası komissiyanın yaradılmasının, biznes forumların keçirilməsinin əhəmiyyətini vurğulamış, parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının fəaliyyətini xüsusi qeyd etmişdir.
Milli Məclisin sədri İndoneziyanın beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.
İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İ.Qusman Bakıda keçirdiyi görüşlərdən məmnunluqla danışıb. Bildirib ki, oxşar cəhətləri olan Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar var.