Azərbaycanın Küveyt Dövlətində yeni təyin olunmuş səfiri etimadnaməsini Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha təqdim edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, rəsmi mərasimdən sonra keçirilən görüşdə səfir Elxan Qəhrəman Prezident İlham Əliyevin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib və Əmir Şeyx Sabah Əl-Əhmədin Azərbaycana səfərinin iki ölkə arasında mövcud səmimi münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.
Səfir bu şərəfli vəzifənin üzərinə qoyduğu məsuliyyəti qeyd edərək, Azərbaycan-Küveyt münasibətlərinin daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün var qüvvəsini sərf edəcəyini vurğulayıb.
Əlahəzrət Əmir 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfərinin ona bəxş etdiyi xoş təəssüratlarından danışaraq, özünün Azərbaycana səfər etməsi arzusunun yaxın gələcəkdə reallaşacağına ümidvar olduğunu bildirib.