Azərbaycanın hava məkanını pozacaq mülki təyyarələr vurulacaqmı?
04 fevral 2013 12:15 (UTC +04:00)

Azərbaycanın hava məkanını pozacaq mülki təyyarələr vurulacaqmı?

Araz Əzimov: “Ermənistan Xocalı aeroportundan işğal bölgəsinə xüsusi təyinatlı yüklərin daşınması üçün istifadə etməyə çalışır”


“Azərbaycan tərəfi öz hava məkanında qanunsuz uçuşlar keçirilməsinə imkan verməyəcək”. 

APA-nın məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın Xocalı aeroportu ilə bağlı fikirləri jurnalistlərə belə şərh edib: “Digər tərəfdən Azərbaycan mülki təyyarələri vurmağa hazırlaşmır. Çikaqo Konvensiyasına uyğun olaraq, müəyyən qaydalar var və Azərbaycan tərəfi bu qaydaları tanıyır. Bu qaydalar qanunsuz uçuşların qarşısını almaq üçün təyyarəni havada ələ keçirmək və müəyyən aerodromda yerə endirməyi nəzərdə tutur. Bu qaydalar bütün dünyada qəbul olunub və həyata keçirilir. Buna görə də kiminsə əvvəldən Azərbaycan mülki təyyarələri vuracaq ya yox deyə spekulyasiya etməsi düzgün deyil”.

 

 

“Erməni tərəfi belə desək, bizi Xocalı aeroportuna uçuşlar həyata keçirəcəyi ilə qorxutmağa çalışır. Birincisi, bu qanunsuzdur. Digər tərəfdən bu məsələnin siyasi-ideoloji mahiyyəti var, çünki bu kimi addımlar Xocalıda qətlə yetirilmiş azərbaycanlıların ruhunun təhqir edilməsi olacaq. Bundan başqa bu ərazilər işğal altındadır və orada infrastrukturu dəyişmək düzgün deyil. Bu, beynəlxalq hüquq və qanunlara ziddir və qanunsuz hava dəhlizinin açılması hava məkanının işğalı demək olacaq”, - deyə Araz Əzimov bildirib. 

 

Bununla da Araz Əzimov hesab edir ki, erməni tərəfi Azərbaycan ərazilərinin işğalı və Laçın dəhlizinin açılmasının ardınca bu siyahıya ələ keçirilmiş hava məkanında hava dəhlizinin açılmasını da əlavə etmiş olacaq: “Kimlərsə elə təsəvvür yaratmağa çalışır ki, Azərbaycan guya humanitar məqsədlər üçün nəzərdə tutulmuş addıma qarşı çıxır. Qarabağ ərazisində təxminən 30 min erməni yaşayır, hesab edirəm ki, onların tələbatının təmin edilməsi üçün hər gün minimum 70 yük avtomobilinin hərəkət etdiyi Laçın dəhlizi kifayət edir. Buna görə də humanitar məqsədlər üçün hava məkanı açmaq lazım deyil, aydındır ki, bütün bunlar bəhanədir.

 

Düşünürəm ki, hava məkanını başqa məqsədlər üçün istifadə etməyə çalışırlar. O cümlədən işğalı davam etdirmək və yaranmış vəziyyəti öz xeyirlərinə dəyişmək məqsədilə Qarabağa xüsusi təyinatlı yüklərin daşınması, işğal bölgəsinə daha çox hərbi texnikanın daşınması üçün. Aydındır ki, burada humanitar aspektdən söhbət gedə bilməz. O da aydındır ki, peşəkar ekspertlər erməni tərəfin atmaq istədiyi addımların mahiyyətini çox gözəl anlayırlar”. 

 

Araz Əzimov Azərbaycanın bu məsələ ilə əlaqədar öz mesajını erməni tərəfə və həmsədr ölkələrə çatdırdığını deyib: “Bir çox ölkə Ermənistana müraciət edərək, onu bu kimi addımlardan çəkinməyə çağırıb. Ümidvaram ki, Ermənistan bu addımı atmayacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1325
avatar

Oxşar yazılar