Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqtonda konfransda çıxış edib
11 yanvar 2013 15:22 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqtonda konfransda çıxış edib

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda keçirilmiş Mədəniyyət Diplomatiyası üzrə İllik Konfransın iştirakçıları qarşısında məruzə ilə çıxış edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərkəzi qərargahı Berlin şəhərində yerləşən, Mədəniyyət Diplomatiyası üzrə İnstitut tərəfindən cari ilin 9-11 yanvar tarixlərində təşkil olunmuş konfransda ABŞ və digər dövlətlərin fəaliyyətdə olan və sabiq rəsmiləri, bir sıra ölkələrin Vaşinqtonda akkreditə olunmuş səfirləri, akademik və ictimai dairələrin təmsilçiləri çıxış edib, öz düşüncələrini iştirakçılarla bölüşüblər.

 

Konfransın açılış günündə ABŞ dövlət katibinin ictimai diplomatiya və ictimai işlər üzrə müavini Tara Sonenşayn da məruzəçilər arasında olub. Konfransın ikinci günü çıxış edən səfir Elin Süleymanovun məruzəsi “Ekstremizm və radikalizmin digər formalarına qarşı mübarizədə “yumşaq güc” və mədəniyyət diplomatiyasının tətbiqi” mövzusuna həsr olunub. Çıxışında mədəniyyətlərarası dialoqun dünyada sülh və əmin-amanlığın təmin edilməsi və ekstremizmin müxtəlif təzahürlərinin qarşının alınması sahəsində malik olduğu əvəzedilməz təsir imkanlarını önə çəkən Elin Süleymanov Azərbaycanın bu dialoqun təşviqi və gerçəkləşdirilməsi sahəsində göstərdiyi səylər və həmin prosesin uğuru üçün nümayiş etdirdiyi sadiqliyi konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycanın könüllü surətdə üzərinə götürdüyü bu rolun ölkəmizin yerləşdiyi coğrafi məkan, özündə Şərq və Qərbin dəyərlərini cəmləşdirən zəngin mədəniyyəti və əsrlər boyu qoruyub-saxlaya bildiyi tolerantlıq irsindən qaynaqlandığını vurğulayıb. Onun sözlərinə görə, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər sayəsində artan imkanları hesabına mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələrin miqyası genişlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında 2011-ci il 7-9 aprel tarixlərində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilib və uğurla keçmiş bu toplantının ardınca artıq ikinci belə Forumun 2013-cu il 29 may – 1 iyun tarixlərində Azərbaycanda baş tutması üçün müvafiq işlərin aparılır.

 

Bundan əlavə, Elin Süleymanov Azərbaycan milli mədəniyyətinin təbliği məqsədilə aparılan fəaliyyətləri qeyd edib və bu sahədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dəyərli xidmətlərini sadalayıb. Maraqla qarşılanmış məruzənin ardınca Elin Süleymanov iştirakçıların suallarını cavablandırıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540
avatar

Oxşar yazılar