Azərbaycan üzrə həmməruzəçi: "Ştrasserin hesabatına səs verməməliyik"
23 yanvar 2013 21:49 (UTC +04:00)

Azərbaycan üzrə həmməruzəçi: "Ştrasserin hesabatına səs verməməliyik"

 

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının bugünkü plenar iclasında Azərbaycana dair iki hesabat müzakirəyə çıxarılıb.

 

 

 

 

APA-nın hazırda sessiyanı izləyən Avropa müxbirinin məlumatına görə, qurumun Monitorinq Komitəsi adından həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsi və İnsan hüquqları və hüququ məsələlər üzrə komitə adından məruzəçi Kristofer Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair iki hesabat Assambleyanın plenar iclasında bir yerdə müzakirə olunub.

 

 

 

Müzakirələrdən sonra məruzəçilər səslənən təkliflərə dair fikirlərini bildiriblər.

 

 

K. Ştrasser müzakirələrin konstruktiv keçdiyini deyib, bununla belə, ünvanına səslənən şərh və tənqidlərə cavab vermək istədiyini bildirib: “Mən bu məsələni şəxsi təşəbbüsümlə araşdırmamışam, bunu AŞPA məndən tələb edib. Qeyd edim ki, ümumi siyasi məhbus anlayışı haqda başqa bir hesabatımız qəbul edilib. Mən bilirəm ki, burda bizim əməkdaşlığımız fərqli insanların baxışları ilə toqquşur. Amma mən nə qədər istəsəm də, Azərbaycana gedə bilmədim. Çünki bu ölkə mənə viza vermədi. Qəribə arqumentlər gətirirdilər və mənim işləmək üçün bu ölkəyə səfər etməyimə faktiki olaraq icazə vermədilər. Mən bu məsələni araşdırdıqda bir çox təşkilatların praktikasına əsaslanmışam, məsələyə obyektiv yanaşmışam. Terrorçuların adını siyahıya saldığımı deyilər. Gəlin hesabata diqqətlə nəzər yetirək. Mən siyahıya siyasi məhbus kateqoriyasına uyğun gələn şəxsləri daxil etmişəm. Mənim hesabatım terrora qapı açmır, mən bu fərqi hesabatımda dəqiqliyi ilə göstərmişəm.  

 

 

Avropa Şurasının prinsiplərini nəzərə alaraq, çalışdım ki, sənəddəki bütün müddəalar obyektivliyə arxalansın. Biz bu işə başlayanda artıq müsbət nəticələr əldə etdik. İşi yarıda saxlaya bilmərik. İlk növbədə həbsdə olan şəxslər haqda düşünməliyik. Bu gün həbsxanalarda bir çox siyasi məhbus var ki, biz heç onların adını bilmirik. Biz bununla məşğul olmalıyıq. Mən həmkarlarımı sənədin lehinə səs verməyə çağırıram”.

 

 

J. D. Qrex isə çıxışında Azərbaycanın öhdəlikləri ilə bağlı hesabatın hazırlanması prosesinin Herkel həmməruzəçi olan vaxtdan getdiyini xatırladıb: “Mən nə edirəmsə, Azərbaycanın gələcəyi üçün edirəm. Xahiş edirəm, heç kim burda məni saxtakarlıqda ittiham etməsin, mən hər zaman ləyaqətlə işimi icra etmişəm. Biz bir-birimizi ittiham etmək əvəzinə, gəlin həqiqi dialoq quraq. Biz öz işimizlə bir çox müsbət addımlara nail olduq.

 

 

Hesab edirəm ki, həmkarımla bizim gördüyümüz iş Azərbaycana kömək etməkdən ibarətdir. Biz yeni demokratiya ölkələrinə demokratiya sahəsində yardımımızı əsirgəməməliyik. Ümid edirəm ki, bu işlərin nəticəsində Azərbaycan bir gün tam demokratik ölkəyə çevriləcək”.  

 

 

Digər həmməruzəçi P. Aqramunt Azərbaycanın ideal demokratik ölkə olmadığını, bütün problemləri hesabata saldıqlarını qeyd edib: “Bu ölkə hazırda bir çox müsbət irəliləyişə imza atıb, bu əməkdaşlıq davam etdirilməlidir. İlk növbədə sevindirici haldır ki, bu ölkə dünyəvi prinsiplərə sadiqdir.

 

 

Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi var, torpaqlarının 20 faizi qonşu Ermənistan tərəfindən işğal edilib. Bu işğal faktı da hesabatımızda də göstərilib.

 

 

Mən də hesab edirəm ki, siyasi məhbuslar haqda digər Avropa ölkələri ilə bağlı da belə sənəd hazırlamaq lazımdır. Biz Azərbaycanla işlədikdə, ölkədəki məhbus məsələsini də araşdırdıq. Cənab Ştrasserin hesabatında bir neçə adamın adı var ki, onları heç cür siyasi məhbus adlandırmaq olmaz.

 

 

Mən deputatları bizim hesabata səs verməyə çağırıram, amma Ştrasserin hesabatına səs verməməliyik. Çünki bu hesabat bizim hesabatla uyğun gəlmir, ona qarşıdır”.

 

 

Monitorinq Komitəsinin sədri Andres Herkel isə hər iki hesabatın qəbul edilməsi daha düzgün addım olacağını deyib: “Çox istərdim ki, Avropa Şurası ölkələrində siyasi məhbus olmasın”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607
avatar

Oxşar yazılar