Azərbaycan hava məkanını pozan təyyarələrlə bağlı xəbərdarlıq etdi
24 yanvar 2013 17:16 (UTC +04:00)

Azərbaycan hava məkanını pozan təyyarələrlə bağlı xəbərdarlıq etdi

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ADMAA) respublikamızın hava məkanını pozan təyyarələrə qarşı tətbiq olunacaq qaydalarla bağlı bütün beynəlxalq təşkilatlara rəsmi məlumat göndərib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, bunu ADMAA-nın direktoru Arif Məmmədov söyləyib.

 

Arif Məmmədov deyib ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nı təsdiq edib və bu qərarın bir bölməsi hava məkanımızı pozan təyyarələrin məcburi yerə endirilməsini nəzərdə tutur: “ADMAA bununla bağlı bütün beynəlxalq təşkilatlara bu haqda rəsmi məlumat göndərib. Eyni zamanda hər bir dövlətdə olduğu kimi mülki aviasiya üzrə bizim də nəşrlərimiz vardır. Hər bir şirkət Azərbaycana gəlməzdən qabaq onunla tanış olur. Biz o nəşrlərin ingilis dilində versiyasını bu il yanvarın 18-də Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentinə, baş katibinə, onun Avropa bölməsinə və MDB-nin Aviasiya və Hava məkanından İstifadə üzrə Şurasının sədrinə göndərmişik. Onlara bildirmişik ki, belə bir qaydalar qəbul olunub və buna əməl etməklə yanaşı, maraqlı olan bütün təşkilatlara və dövlətlərə çatdırılsın”.

 

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nı təsdiq edib. Qərar yanvarın 15-dən qüvvəyə minib. Hava məkanının istifadəçisi hava hərəkətinin uçuşu ilə bağlı olan pozuntunu dayandırmaq barədə hava hərəkətinə xidmət (uçuşları idarəetmə) orqanının əmrini yerinə yetirmədikdə, Hərbi Hava Qüvvələrinin operativ növbətçi komanda məntəqəsinin qərarına əsasən növbətçi təyyarələr (vertolyotlar) havaya qalxaraq, qeyd edilən hava gəmisini ən yaxın aerodroma (meydançaya) enməyə məcbur edir. Hava gəmisi tərəfindən məcburi qaydada yerə enmək barədə tələbə əməl edilmədikdə, bortunda pozuntunun törədilməsində təqsirsiz sərnişinlərin olması barədə dürüst məlumat olmadıqda, hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1666
avatar

Oxşar yazılar