Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası keçirilir.
Lent.az-ın məlumatına görə, bu gün sessiya çərçivəsində Assambleyanın Siyasi Məsələlər və Təhlükəsizlik Komitənin sonuncu iclası olub.
ATƏT PA-nın Büro üzvü, komitənin sədr müavini Azay Quliyev iclasda vida çıxışı edib.
A.Quliyev vida çıxışında komitə sədrinə və üzvlərə "səlahiyyət müddəti ərzində göstərdikləri dəstəyə və anlayışa görə səmimi minnətdarlıq" bildirib: "Sizin mənə əmanət etdiyiniz inam və etibarınızı yüksək qiymətləndirirəm. Bu mənə ATƏT-in ümumi maraqlarının bələdçilik etdiyi güclü örnək olub. Sizi ATƏT və onun Parlament Assambleyasını eyni qətiyyətlə dəstəkləməkdə davam etməyə hazır olduğuma əmin etmək istəyirəm. Mən əməkdaşlıq və dialoqa sadiq tərəfdar olaraq qalacağam.
Bizim ortaq hədəf və məqsədlərimizdə nailiyyətlərə çatmaq istiqamətində hamınızla işləməyi səbirsizliklə gözləyirəm.
Bir daha təşəkkür edirəm”.
Qeyd edək ki, Azay Quliyev ATƏT-in Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013-cü ildə İstanbul sammitində seçilib. A. Quliyev 2014, 2015-ci illərdə isə bu vəzifəyə təkrar seçilib.