Azay Quliyev Sekutayla görüşüb
29 iyun 2015 18:40 (UTC +04:00)

Azay Quliyev Sekutayla görüşüb

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri  Azay Quliyev  ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi təşkilatın vətəndaş cəmiyyəti institutlarının güclənməsi istiqamətində həyata keçirdiyi tədbirlər və QHT-lərə verilən maliyyə yardımı haqqında ətraflı məlumat verib.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycanın I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, xüsusi ilə könüllülərin fəallığının təqdirəlayiq olduğunu qeyd edib. Səfir ikitərəfli münasibətlərin perspektivləri haqqında danışıb və ABŞ-ın Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə müxtəlif sahələr üzrə çoxsaylı layihələr icra etdiyini deyib. Robert Sekuta bundan sonra da ABŞ-Azərbaycan münasibətlərinin müsbət məcrada inkişafı üçün bütün potensialını sərf edəcəyini bildirib. Səfir Azərbaycanın QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı məlumat almaq istədiyini qeyd edib.

Azay Quliyev qanunvericiliyə edilmiş dəyişiklərin mahiyyəti haqqında danışaraq parlamentin bu addımının ictimai sektorda şəffaflığın  və hesabatlılığın artmasına, mövcud resurslardan səmərəli istifadənin təmin edilməsinə və qanunsuz fəaliyyətin vaxtında aşkarlanmasına xidmət etdiyini bildirib.

Şura sədri son zamanlar ABŞ-da bəzi qurumların Azərbaycan əleyhinə fəaliyyətindən narazı qaldığını da  qonağın diqqətinə çatdırıb. Azay Quliyev təəssüflə bildirib ki, ABŞ-ın dövlət büdcəsindən maliyyələşən bir sıra QHT və mediya orqanları açıq şəkildə Azərbaycan haqqında mənfi rəy yaratmaq və qərəzli məlumatlar yaymaqla məşğuldurlar. Azay Quliyev ABŞ Dövlət Departamentinin "insan haqlarının durumu haqqında 2014-cü il hesabatında" Azərbaycanla bağlı qeyd olunan bir çox məqamlara da toxunaraq konkret faktlarla onların həqiqəti və reallığı əks etdirmədiyini qeyd edib.

Sonda hər iki tərəf qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar