Aydın Mirzəzadə Kipr parlamentindən qovulub
18 yanvar 2013 11:25 (UTC +04:00)

Aydın Mirzəzadə Kipr parlamentindən qovulub

Bir müddət əvvəl Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan YAP-dan olan millət vəkili Aydın Mirzəzadə bu ölkənin parlamentində qalmaqal yaradıb. Lent.az-ın “Bizim Yol” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Parlamentinin sədri Hasan Bozer söyləyib.

 

Hasan Bozer bildirib ki, qardaş ölkənin təmsilçisi türk millətinin adına yaraşmayan hərəkətə yol verib: “Biz eyni millətin övladlarıyıq. Amma qüsurlarımızı da deməliyik. Mən acı hisslərlə bunu demək istəyirəm. Bizdə büdcə müzakirələri idi. Mənə bildirdilər ki, Azərbaycandan olan bir millət vəkili görüşmək istəyir. Mən Azərbaycan adını duyunca razılıq verdim. Bizdə ən hörmətli, ali qonaqları Şərəf salonunda qəbul edirlər. Mən də onun salona alınmasını tapşırdım. Salona girincə onun başqa bir yerdə əyləşdiyini gördüm. Dəvət etdim ki, yaxın əyləşsin. Ancaq o bildirdi ki, mənim yanımda əyləşmək istəmir. Səbəb kimi başının üzərində türk bayrağını göstərdi. Mən dərhal onunla görüşməyi rədd etdim və yoldaşlardan onu salondan çıxarmalarını rica etdim. Azərbaycandan olan birisinin türk bayrağı yanında durmadığını kimlərsə mənə söyləsəydi, buna inanmazdım. Baş verənlərdən çox üzüldüm. Mən dünyanın dörd bir yanından gələn bütün müsafirlərimizi də burada qəbul edirəm. Baş verən bu olay bizi o qədər incitdi ki, Türkiyənin Xarici İşlər Nazirliyinə yazılı məlumat da verdik”.

Aydın Mirzəzadə isə “Bizim Yol” qəzetinə açıqlamasında olayı təsdiq edib. Deputat bildirib ki, həqiqətən də Hasan Bozerden görüş istəyib: “Orada iki kreslo qoymuşdular. Birinin yuxarı tərəfində Kiprin bayrağı, digərində isə Türkiyənin bayrağı asılmışdı. Mən Azərbaycan vətəndaşıyam və millət vəkiliyəm. Öz dövlətimin bayrağı altında əyləşə bilərəm. Türkiyə bizə qardaş, dost ölkədir. Amma yenə də prosedurlara əməl olunmalıdır. Mənim sözlərimə əsəbi reaksiya oldu və mənimlə görüşdən imtina etdi. Mən də parlamenti tərk etdim”. 


Aydın Mirzəzadə öz hərəkətində haqlı olduğunu iddia edib: “Bu, ŞKTC Parlamentində görüş protokolları üçün bu ən böyük qüsurdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2494
avatar

Oxşar yazılar