AXCP sədri Əli Kərimli ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deçlə görüşüb.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə seçki ilə bağlı mühit, AXCP-nin, İctimai Palatanın, müxalifətin seçki strategiyası müzakirə olunub. Eyni zamanda müxalifət qüvvələrinin konsolidasiyasına nail olmaq istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb, demokratik seçkilərin əsas şərtləri ciddi müzakirə mövzusu olub.
Görüşdə Ə. Kərimli ATƏT təmsilçisinin diqqətinə çatdırıb ki, beynəlxalq təşkilatlar normal seçkilərə əngəl olan məqamlarla bağlı indidən münasibət bildirsələr, daha yaxşı olar. AXCP sədri siyasi məhbus və seçkilərlə bağlı problemlərin aradan qaldırılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsinin yaxın zamanda həllinin tapmalı olmasının zəruriliyini də qeyd edib.