Vəkil Aslan İsmayılov Əkrəm Əylislinin "Daş yuxular" əsəri ilə bağlı ziyalılara müraciət edib.
Vəkil lent.az-a göndərdiyi müraciətində əsəri oxuyub bitirmək üzrə oluğunu qeyd edib: “Oxuduqlarımdan dəhşətə gəlmişəm. Vəkillik peşəmlə əlaqədar vaxtımın məhdud olduğundan, əsərin həddən artıq mürəkkəbliliyi ilə bağlı, problemin çox həssaslığından əlavə araşdırmaya ehtiyac duyulur. Bu baradə ən yaxın zamanda fikrimi bildirəcəm”.
A.İsmayılov hakimiyyətə yaxın adamların və siyasətçilərin Ə. Əylisliyə qarşı apardığı kampaniyanın isə əleyhinə olduğunu bildirib: “Sizdən bir daha xahiş edirəm, əgər sizlərdə zərrə qədər dövlətçilik məsuliyyəti varsa, ona qarşı apardığınız ağılsız, çirkli, Azərbaycan xalqına Əkrəm Əylisinin yazısından da artıq zərbə vuran, dövlətçiliyi sarsıdan, Qarabağ probleminin həllini mümkünsüz edən təbliğatı dayandırın. Azərbaycanda qeyri-ciddi insan kimi qəbul olunsa da "Balıq Hafiz"in dövlət qeydiyyatından keçmiş partiyasının qərarı ilə "Əylislinin qulağının kəsilməsinin partiyanın cavan üzvlərinə tapşırılması" bəyanatı Ermənistan hökuməti tərəfindən dünya ictimaiyyətinə rəsmi partiyanın verdiyi bəyanat kimi çatdırmağının Azərbaycan dövlətinin nüfuzuna hansı zərbənin vuracağını dərk edirsinizmi?”
A. İsmayılov məsələyə tarixçilər və ziyalıların münasibət bildirməli olduqlarını deyib: “Azərbaycan ziyalıları, Əkrəm Əylisliyə qarşı olan təbliğatın əleyhinə olmanızı mən də bölüşmüşəm. Ancaq konkret romanla bağlı niyə fikir bildirmirsiniz? Qorxursunuz siyasi reytinqinizə zərbə olar? Əgər belədirsə, mən vaxtilə “hər birimizə rəğmən siyasətdən aralı durmaq lazımdır” deyib forumdan çıxdıqda susmağınızı indi başa düşürəm”.
A. İsmayılov elə bu fikirlərinə görə də çoxlu əleyhdar qazanacağına əmin olduğunu qeyd edib.