Azərbaycanın baş naziri Artur Rasizadə Bakıda rəsmi səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın istiqamətləri müzakirə edilib.
Artur Rasizadə Azərbaycan və Əfqanıstan arasında ikitərəfli əlaqələr siyasi sahədə uğurla inkişaf etdiyini bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Prezident Məhəmməd Əşrəf Qani Azərbaycanın hər zaman beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Əfqanıstan prezidenti ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəklədiyini diqqətə çatdırıb.
Söhbət zamanı iqtisadi sahədə, o cümlədən nəqliyyat, infrastruktur, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.