Azərbaycanın baş naziri Artur Rasizadə türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb.
APA-nın məlumatına görə, əvvəlcə baş nazirlərin təkbətək görüşü olub, sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən Artur Rasizadə bu əməkdaşlığın müasir dövrün tələblərinə uyğun yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb, hər iki ölkənin birgə reallaşdırdığı iri layihələrin əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycanın baş naziri Əhməd Davudoğlunun bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə əminliyini söyləyib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında önəmli rol oynadığını qeyd edib. Bakıya səfərinin qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verəcəyini diqqətə çatdıran Əhməd Davudoğlu ölkələrimizin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi beynəlxalq layihələrə imza atdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Türkiyənin Baş naziri əmin olduğunu bildirdi ki, ölkələrimiz arasında dostluğa və qardaşlığa söykənən əlaqələr daha da genişlənəcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini həmişə dəstəklədiklərini deyən Əhməd Davudoğlu diqqətə çatdırıb ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.