Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – “Komandor xaç” ordeni ilə təltif olunub.
Fonddan Lent.az-a verilən məlumata görə, mükafatı təqdim edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Anar Ələkbərovun “Komandor xaç” ordeni ilə təltif edilməsi haqqında Macarıstan prezidentinin sərəncamını oxuyub. Nazir Heydər Əliyev Fondunun iki ölkə və xalqlar arasında münasibətlərin dərinləşməsi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.
Heydər Əliyev Fondunun və Fondun icraçı direktoru Anar Ələkbərovun Macarıstana dost münasibətini diqqətə çatdıran Peter Siyatro Budapeştdə Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzinin inşasında göstərilən təşəbbüs və dəstəyə görə təşəkkürünü bildirib. “Qayğıya ehtiyacı olan fiziki qüsurlu gənclərə Heydər Əliyev Fondu tərəfindən diqqət təkcə Macarıstan üçün əhəmiyyət kəsb etmir” deyən nazir bildirib ki, bir müsəlman dövlətinin xristian ölkəsində həyata keçirdiyi bu cür layihələr regionda sülh şəraitində birgə yaşamaq istiqamətində bir mesajdır. Fond bu layihələri ilə regonda və dünyada hər bir kəsin sülh şəraitində yaşaya və bir-birinə yardım etməyə qadir olduğunu nümayiş etdirir.
Təqdimetmə mərasimində çıxış edən Fondun icraçı direktoru Macarıstanın dövlət mükafatına layiq görülməsinə görə təşəkkürünü bildirib. Heydər Əliyev Fondunun səhiyyə, sosial, elm, təhsil və digər sahələrdə layihələr reallaşdırdığını xatırladan Anar Ələkbərov Fondun istər Azərbaycanda, istərsə də digər ölkələrdə fəaliyyəti zamanı hər bir insanı, xüsusən qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxladığını bildirib. İcraçı direktor Heydər Əliyev Fondunun Macarıstanda başladığı layihələrin gələcəkdə əhatə dairəsinin genişlənəcəyini də qeyd edib.