Bu gün QHT Əməkdaşlıq Alyansı İdarə Heyətinin növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, Alyansın həmsədri Rəfail Becanovun sədrliyi ilə keçirilən iclasda ötən müddət ərzində görülən işlər, ölkədə baş verən hadisələrə münasibət, Alyansın Xocalı faciəsi ilə bağlı ötən ildən başladığı internet aksiyanın davam etdirilməsi, Seçki Monitorinqinin növbəti mərhələsinə başlanılması və qarşıdakı yaxın müddət üçün keçiriləcək tədbirlər planı müzakirə edilib. R. Qonaqov ötən müddət ərzində görülən işlər, Seçki Monitorinqi ilə bağlı birinci mərhələnin yekunları haqqında İdarə Heyətinə məlumat verib. O, bildirib ki, seçki monitorinqi çərçivəsində siyasi partiyaların resurslarının araşdırılması ilə bağlı monitorinq yekunlaşdırılıb və ictimaiyyətə təqdim olunub.
Alyansın həmsədri Yadigar Məmmədli ölkədə baş verən son hadisələr haqqında çıxış edib. Alyansın baş katibi Xanoğlan Əhmədov isə Alyansın yaxın müddət ərzində tədbirlər planı haqqında İdarə Heyətinə məlumat verib. O, bildirib ki, bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
İdarə Heyətinin qərarı ilə Xocalı aksiyasının davam etdirilməsi və tədbirlərin keçirilməsi, seçki monitorinqinin növbəti mərhələsinə başlanılması və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi mövzusunda forumun keçirilməsi barədə yekun qərar qəbul edilib.