Liderlik verilmir - qazanılır!
12 dekabr 2015 10:35 (UTC +04:00)

Liderlik verilmir - qazanılır!

 

Lider cəmiyyətin əsas aparıcı qüvvəsi, hər bir xalqın tarixi inkişafının zəruri amilidir. Azərbaycan gerçəkliyində tələb olunan siyasi lider fenomeni ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. Xalqına, onun müdrikiliyinə, intellektual potensialına sonsuz inam Heydər Əliyev siyasi liderliyində ideal səviyyəyə qaldırılmışdır. O, həqiqətən tarixi şəxsiyyətdir. “ Heydər Əliyev Azərbaycanın dünəni,bugünü və sabahıdır” – deyimi quru şüarçılıq olmayıb, ictimai fikrimizin ən böyük siyasi inanclarından birini təşkil edir. 

Ulu öndər hələ 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdikdə respublikamızı müstəqil dövlət kimi görür, bütün sahələrin inkişafı üçün mühüm tədbirlər həyata keçirirdi. Kremlin total nəzarət və iqtisadi-siyasi qadağalar, məhdudiyyətlər sisteminin mövcudluğu şəraitində Heydər Əliyevin misilsiz idarəçilik və qeyri-adi təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan hərtərəfli dinamik inkişaf yoluna qədəm qoydu, ölkə  iqtisadiyyatın, mədəniyyətin, elmin bütün sahələrində sürətli tərəqqi dövrü yaşadı, tarixi nailiyyətlər qazandı. Xalqın, respublikanın taleyi və məsuliyyəti bir rəhbər , bir lider kimi Heydər Əliyevi daim düşündürürdü.

O, xalqını hakimiyyət aləti kimi istifadə edən siyasətçilərdən deyildi. Əksinə, öz siyasi hakimiyyətini xalqın adından və xalqın gələcəyi naminə vasitə hesab edirdi. O, bütün ömrünü bu idealın gerçəkləşməsinə həsr etmişdi. Onun 1992-ci ildə söylədiyi “ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” ifadəsi öz səmimiliyi ilə seçilir.

Heydər Əliyev dühasının hüdudları təkcə Azərbaycanla məhdudlaşmır. O, bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün də bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ümummilli lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir.

Nailə Məmmədova

“Azerbaijan Realities” analitik layihə qrupunun üzvü

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar