Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İdarə Heyəti ötən həftə Daşkəsəndəki hərbi hissələrdən birinin əsgəri Ceyhun Qubatovun ölümü ilə bağlı müzakirələr aparıb, hüquq-mühafizə orqanlarından obyektiv istintaqın aparılması və günahkarların tezliklə cəzalandırılmasını tələb edib.
Yığıncaqda yanvarın 12-də Bakıda “Əsgər ölümünə son!” kampaniyasının təşkilatçılığı ilə keçirilən aksiyaya da münasibət bildirib.
Toplantıda Müsavat Partiyasının zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedən partiyanın başqanı İsa Qəmbərə hücumu tənqid edib.
Müzakirələrdə ötən həftə ABŞ-ın Heritage Fondu və “The Wall Street Journal” qəzeti dünya ölkələrində iqtisadi azadlıqların vəziyyətinə dair növbəti illik hesabatında Azərbaycanın 179 ölkə arasında 88-ci yerdə və “əsasən azad olmayanlar” kateqoriyasına aid edilməsinə münasibət bildirilib.
Sonda təşkilati məsələlərlə bağlı bir sıra qərarlar qəbul edilib.
Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, yığıncaqda yanvarın 12-də Fəvvarələr meydanında keçirilən əsgər ölümlərinə etiraz mitinqi və iştirakçıların 600 manata qədər məbləğində cərimə ödənilməsinə dair verilən məhkəmə qərarları da müzakirə olunub. Bu cərimələrin siyasi azadlıqların boğulması üçün daha bir vasitə olduğu bildirilib. Cərimələrlə bağlı ictimai müzakirələrin başlanmasının önəmi vurğulanıb.
Sonra Müsavat Partiyası başqanı İsa Qəmbərin Lənkəran rayon təşkilatının bərpasının 20 illik yubileyi münasibətilə bölgəyə səfəri zamanı baş verən hadisə də müzakirə mövzusu olub. Yığıncaqda hadisə ilə bağlı ilkin araşdırmaların başlandığı və Müsavat başqanının getdiyi maşın karvanı Bakıdan çıxarkən onları izləyən maşınların nömrələri müəyyənləşdirilib. Həmçinin bildirilib ki, 13 yanvar hadisəsinin hüquqi müstəvidə araşdırılması üçün Müsavat Partiyası prokurorluq orqanlarına müraciət edəcək.