Azərbaycan Respublikasını prezidenti İlham Əliyev yanvarın 17-də ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən ABŞ müdafiə nazirinin baş müşaviri K. Hiks paytaxtımızın onda dərin təəssürat yaratdığını deyib. Amerikalı qonaq Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakının və bu missiyaya verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib. Hiks bildirib ki, ABŞ ölkələrimiz arasında müdafiə sahəsində əlaqələri daha da genişləndirməkdə və strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır. O, bu sahədə əməkdaşlığımızın istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmasının önəmini qeyd edib.
Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin müdafiə sahəsində əməkdaşlığının uzun tarixə malik olduğunu və razılıq doğurduğunu vurğulayıb. Müdafiə sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu qeyd edən prezident İlham Əliyev bu əməkdaşlığın regional və enerji təhlükəsizliyi, eləcə də sabitliyin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb. Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.