"Bakı" kinoteatrının sökülmək təhlükəsi var
30 mart 2016 16:57 (UTC +04:00)

"Bakı" kinoteatrının sökülmək təhlükəsi var

 

Moskvadakı tarixi "Bakı" kinoteatrı sökülmək təhlükəsi ilə üzləşib.

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, bunu paytaxtın kinoteatrlar şəbəkəsini alan "ADG Group" şirkəti də bildirir.

 

Belə ki, 2014-cü ilin noyabrında "Bakı" kinoteatrının da daxil olduğu kinoteatrlar şəbəkəsi "Moskino" 39 kinoteatrı auksionda satışa çıxarıb. 39 kinoteatrın hamısına birlikdə 10 mlrd. rubla yaxın (9,579 mlrd. rubl) qiymət qoyulub. Tək-tək kinoteatrı auksionda almaq mümkün olmayıb. "Bakı" kinoteatrını almaq istəyən Azərbaycan diasporu 39 kinoteatrı birdəfəlik almalı imiş. Lakin maddi cəhətdən bu qeyri-mümkün olub. Ona görə də auksionda bütün kinoteatrları "ADG Group" şirkətinə daxil olan "Edisonenergo" ASC alıb.  

 

"ADG Group" əldə etdiyi 39 kinoteatrın rekonstruksiyasını həyata keçirmək üçün 40 mlrd. rubl xərcləyəcəyini açıqlayıb. Lakin Rusiya Dövlət Əmlak Departamenti "Moskino"dan fərqli olaraq "ADG Group" qarşısında həmin kinoteatrların rekonstruksiya edilməsi ilə bağlı fərqli şərtlər qoyub. Həmin şərtlərə görə, "Edisonenergo" ASC əldə etdiyi kinoteatrlardan istədiyi kimi istifadə edə bilər. Ona görə də Azərbaycan diasporu üçün önəmli məkan olan, paytaxtın ən mənzərəli yerlərindən birində yerləşən "Bakı" kinoteatrının sökülməsi və oradan Azərbaycan diasporunun çıxarılması təhlükəsi yaranıb.  Hər an "Bakı" kinoteatrının faktiki sahibi Azərbaycan diasporunu həmin binadan çıxara bilər.

 

Bəzi məlumatlara görə, 5 min kv.m əraziyə malik "Bakı" kinoteatrının yerində "Edisonenergo" ASC böyük ticarət mərkəzi tikməyi planlaşdırır. Lakin Azərbaycan diasporu həmin binanın tarixi əhəmiyyət daşıdığını qeyd edir və şirkətlə kinoteatrın satılması üçün danışıqlar aparır.

 

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirib ki, "Bakı" kinoteatrı üçün onlardan 20 milyon ABŞ dolları tələb olunur: "Lakin binanın bazar qiyməti bu məbləğdən 3-4 dəfə aşağıdır. Bizim elə maddi gücümüz yoxdur ki,  auksionda 39 kinoteatrı alıb, sonra isə "Bakı"nı özümüzə saxlayıb, digərlərini sataq. Məhz bu səbəbdən auksionda iştirak etmədik. Fikirləşdik ki, auksionda qalib gələn kampaniya ilə danışıqlar aparıb, tək "Bakı" kinoteatrını alarıq. "Edisonenergo" ASC-yə qalib gəldiyi auksionda "Bakı" kinoteatrını almaq üçün çəkdikləri xərcdən də artığını ödəməyə hazır olduğumuz söylədik. Lakin onlar bizə baha qiymət dedilər".

 

İ. Hacıyev bildirib ki, hələ 2004-cü ildə Moskvanın meri Yuri Lujkov Azərbaycan paytaxtının adını daşıyan "Bakı" kinoteatrını Azərbaycan diasporuna verilməsi barədə göstəriş verib: "2005-ci ildən bizə dedilər ki, Moskvanın kinoteatrlar şəbəkəsi ilə bağlı struktur dəyişikliyi olacaq, bundan sonra həmin bina bizə uzunmüddətli icarəyə veriləcək. 2005-ci ildə məlum oldu ki, "Bakı" kinoteatrının binası dövlət müəssisəsi olan "Moskino"nun balansına verilib. 2007-ci ilin iyul ayında "Moskino" ilə "Bakı" kinoteatrının icarəyə verilməsi haqqında müqavilə imzalandı və qeydiyyatdan keçirildi. O vaxtdan keçən müddət ərzində "Bakı" kinoteatrının rekonstruksiyasına tərəfimizdən böyük vəsait qoyulub".

 

İ. Hacıyev onu da qeyd edib ki, icarə müqaviləsinə əsasən, 2022-ci ilədək "Bakı" kinoteatrı həmin binada qalmalıdır: "Lakin bu müqavilədə bir bənd də var ki, kinoteatrın faktiki sahibi bu bənddən istifadə edib, hər an bu binadan istədiyi kimi istifadə etmək qərarı verə bilər. Artıq kinoteatrın ən böyük zalı "ADG Group" tərəfindən bağlanıb".

 

"ADG Group"-dan isə APA-ya bildirilib ki, "Bakı" kinoteatrının yerində çoxfunksiyalı sosial mərkəz tikiləcək: "Yeni mərkəz mədəni-təhsil funksiyasını daşıyacaq. Burada həm də kinoteatr, sosial-iaşə obyektləri, geyim, ərzaq malları mağazaları və s. olacaq".

 

"ADG Group"-dan o da bildirilib ki, kinoteatrın yerində tikiləcək obyekt "Bakı" adlanacaq: "Bakı" mütləq öz tarixi adını və kino nümayişi funksiyasını qoruyub saxlayacaq. Kinoteatrın zalları yenilənəcək. Müasir avadanlıqlarla və oturacaqlarla təmin olunacaq. Həmin bina yenidən rekonstruksiya olunacaq, ətrafdakı qanunsuz tikililər söküləcək. Lokal mərkəzin ümumi funksiyası genişləndiriləcək. Bütün bunlar "Bakı" kinoteatrının yerləşdiyi "Aeroport" və "Sokol" rayonlarının əhalisinin sorğuları əsasında həyata keçirilir. Bundan başqa, yerli sakinlər yeni "Bakı" mərkəzində uşaq-təhsil və mədəniyyət məkanının, ailələrin asudə vaxt keçirməsi üçün yerlərin yaradılması barədə istəklərini bildiriblər".

 

"Bakı" kinoteatrının Azərbaycan diasporuna satılması müqabilində hansı məbləğin tələb olunması ilə bağlı suala isə "ADG Group"-dan belə cavab verilib: "Biz "Bakı" kinoteatrının satılmasını planlaşdırmırıq. Bizə 2016-cı il yanvarın 12-də kinoteatrı satmaq üçün müraciət olunub, biz isə bundan imtina etmişik".

 

Şirkətdən bildirilib ki, hazırda kinoteatr "Bakı kinokonsert kompleksi" ASC tərəfindən icarəyə götürülüb: "2016-cı ilin yanvarından bu ASC tərəfindən icarə haqqı ödənilmir. Baxmayaraq ki, bu şirkətin həmin binadan fəaliyyətdə olan üç restoranı və iki kinozalı var. 15 mart 2016-cı il tarixinə "Bakı kinokonsert kompleksi" ASC-nin borcu 4988533,42 rubl təşkil edir. Müqavilənin şərtləri yerinə yetirilmədiyinə görə, məlum icarədarla müqavilə vaxtından əvvəl ləğv oluna bilər".

 

Qeyd edək ki, "Bakı" kinoteatrının saxlanılması üçün kinoteatrın yerləşdiyi ərazidə yaşayan əhali də müraciətlər ünvanlayıb. Vətəndaşlar "Bakı" kinoteatrında satılan biletlərin digər kinoteatrlarla müqayisədə çox ucuz olduğunu bildirib, obyektin sökülməsinə etiraz ediblər. Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Aleksandr Potapov Moskva meri Sergey Sobyaninə və Rusiya xarici işlər naziri Sergey Lavrova məsələ ilə bağlı yazılı müraciət də ünvanlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

APA Baycan

Oxşar yazılar