Azərbaycan prezidenti İlham Əliyev “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqi barədə fərman imzalayıb.
Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabinetinə həmçinin həmin qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək, həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bundan başqa, müəyyən edilib ki:
“Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan qanununun 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirlər;
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinə tapşırılır ki, dini ekstremizmə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər və zəruri hallarda dini ekstremizm əleyhinə xüsusi əməliyyatları birgə aparsınlar.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.