Ermənistan xarici işlər naziri Edvard Nalbandyan vəzifəsindən uzaqlaşdırıla bilər.
APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti öz mənbəyinə istinadən yazıb.
Bildirilir ki, prezident Serj Sarkisyan yeni kadr dəyişikliyi aparmaq niyyətindədir: “O, xarici siyasət idarəsi rəhbəri vəzifəsini prezident administrasiyası rəhbəri Viqen Sarkisyana həvalə etmək niyyətindədir. Onun XİN rəhbəri təyin ediləcəyi ilə bağlı əvvəllər də xəbərlər yayılırdı”.
Qəzetin məlumatına əsasən E. Nalbandyan isə Fransaya səfir göndəriləcək. O, artıq 1999-2008-ci illərdə bu vəzifəni icra edib.
Prezident Administrasiyasının yeni rəhbəri kimi isə Milli Təhlükəsizlik Şurasının hazırki katibi Armen Qevorkyanın adı çəkilir. O, 2006-2008-c illərdə Robert Koçaryan dövründə prezident administrasiyası vəzifəsini icra edib. “Belə olan halda Milli Təhlükəsizlik Şurası prezident aparatı nəzdində fəaliyyət göstərəcək və bununla da əvvəlki konfiqurasiya bərpa olunacaq”, - deyə məqalədə vurğulanıb.