<b>Prezident: “Azərbaycanın uğurlu inkişafı belə müəssisələrdən asılıdır”</b>
10 avqust 2016 23:52 (UTC +04:00)

Prezident: “Azərbaycanın uğurlu inkişafı belə müəssisələrdən asılıdır”

 “Azərbaycanın uğurlu inkişafı bax, belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı bax, bu iki istiqamətdən asılı olacaq”.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri və velosiped istehsalı zavodunun kollektivi ilə görüşəndə deyib.

 

Dövlət başçısı bildirib ki, belə müəssisələrin gələcəkdə ölkənin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın: “Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir. Deyə bilərəm ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq, ən az itkilərlə bu vəziyyətdən çıxır. Ölkəmizdə indi maliyyə sahəsində sabitləşmə təmin edilibdir. Bu il on minlərlə yeni iş yeri yaradılıbdır. Bu proses davam edir. Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var. Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət üzərində quraq - kənd təsərrüfatı və sənaye istehsalı”.

 

Prezident İlham Əliyev qeyd edib ki, digər sahələr də böyük əhəmiyyət daşıyır “Gələcəkdə bizə çox valyuta gətirə biləcək sahə nəqliyyatdır. Bizim coğrafi vəziyyətimizi və artıq gördüyümüz işləri nəzərə alsaq, bunu deməyə əsas var. Azərbaycanın iştirakı və bir çox hallarda təşəbbüsü ilə iki transmilli layihə icra edilir. “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın iştirakı ilə baş verir. İki gün bundan əvvəl Bakıda İran, Rusiya, Azərbaycan prezidentlərinin ilk zirvə görüşündə bu məsələ çox ciddi müzakirə edildi. Azərbaycan burada öz təşəbbüsünü ortaya qoyur. Bu dəhlizin yaradılması və fəaliyyəti ölkəmizə 100 milyonlarla dollar gəlir gətirəcək. Əlbəttə, digər sahələr də böyük əhəmiyyət daşıyır - telekommunikasiya, informasiya texnologiyaları, metallurgiya sahələri, kimya sənayesi. Ancaq bütövlükdə sənaye və kənd təsərrüfatı əsas prioritet kimi qalır və qalacaq”.

 

“Biz işləri planlı şəkildə görürük - ilk mərhələdə infrastruktur layihələri, yol, elektrik stansiyaları, ondan sonra sosial infrastruktur, məktəblər, içməli su, ondan sonra iş yerləri, kreditlər, kənd təsərrüfatı. Mən gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxıram. Heç bir böhran, dünyada baş verən heç bir hadisə bizə təsir edə bilməz. Azərbaycan sabitlik diyarıdır, inkişaf məkanıdır. Məhz buna görə bu gün milyonlarla xarici turist Azərbaycana gəlir. Təkcə tarixi abidələri seyr etmək üçün gəlmir, o cümlədən ona görə gəlir ki, burada xidmət, təhlükəsizlik yüksək səviyyədədir, insanlarımız qonaqpərvərdir və əlbəttə ki, gözəl şərait var. Bu şəraiti bax biz yaradırıq, siz burada yaradırsınız. Mən prezident kimi çalışıram ki, Azərbaycanda bütün istiqamətlər üzrə işlər daha da yaxşı getsin”, deyə dövlət başçısı vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar