Bu gün Belorusun Ermənistandakı səfiri İqor Nazaruk Ermənistan Xarici İşlər Nazirliyinə dəvət edilib.
APA-nın Armenia Todaya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. İ. Nazarukla görüşən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan Belorus Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar aprelin 2-də yayılan bəyanatının Ermənistan tərəfdə böyük çaşqınlıqla qarşıladığını bildirib. Ş. Köçəryan Belorus XİN-in bu bəyanatının Ermənistan-Belorus münasibətlərinin ruhuna uyğun olmadığını, tərəflərin Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı və digər strukturlarda götürdüyü öhdəliklərin əksinə olduğunu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə zərbə vurduğunu, münaqişənin güc yolu ilə həllinə həvəs yaratdığını iddia edib.
Qeyd edək ki, Belorus XİN-nin bəyanatında Dağlıq Qarabağda ağır silahların tətbiqi ilə aktiv hərbi əməliyyatların yenidən başlamasından ciddi narahatlıq ifadə olunub. Bəyanatda Belorusun ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə ümumi prinsip və beynəlxalq hüquq normaları, hər şeydən əvvəl ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, BMTTəhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun həllinə tərəfdar olduğu vurğulanıb. Bəyanatda ərazi bütövlüyü prinsipinin xüsusi vurğulanması Ermənistanı narazı salıb.