Azərbaycanın Niderland və Belçika krallıqlarındakı səfirliklərində, o cümlədən NATO yanındakı nümayəndələyində maliyyə pozuntusu, qanuna zidd əməllər, dövlət vəsaitindən qeyri-qanuni istifadə etmə halı aşkarlanıb.
APA-nın məlumatına görə, bu barədə, Azərbaycan Hesablama Palatasının 2015-ci il üzrə fəaliyyəti barədə açıqladığı hesabatda bildirilib.
Hesabatda deyilir ki, qeyd olunan səfirliklərdə nəzarət tədbirləri nəticəsində bəzi hallarda vəsaitin Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodu dəyişdirilməklə icra edildiyi müəyyən olunub: "Palatanın auditinin əhatə etdiyi 2012-ci ildə nəzarət tədbiri keçirilən diplomatik orqanları üzrə ümumilikdə kassa xərclərinin 8,0 %-i, 2013-cü ildə müvafiq olaraq 6,3 %-i, 2014-cü ildə isə diplomatik orqanların həmin ilə ümumi xərclərinin 5,6 %-i səviyyəsində təyinatı dəyişdirilməklə icra edilib.
Səfirliklərdə audit sübutları ilə diplomatik korpuslar tərəfindən qüvvədə olan müvafiq normativ aktların və “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nın tələblərinə bəzi hallarda riayət edilmədiyi müəyyən olunub. Diplomatik korpusların aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş ƏDV məbləği alınsa da, müvafiq qaydada dövlət büdcəsinə bərpası təmin edilməmiş və istifadə olunmuş, diplomatik əməkdaşlara ezamiyyə xərcləri üzrə normalara riayət edilməməsi səbəbindən artıq vəsait xərc edilmiş, həmçinin mövcud qaydalarda, xərclər smetasında nəzərdə tutulmadığı halda dövlət rüsumunun, icbari sığorta məbləğinin saxlanma xərcləri hesabına ödənilməsi hallarına yol verilib.
Diplomatik nümayəndəliklərin saxlanılması üçün nəzərdə tutulan vəsait hesabına bəzi hallarda iqamətgahın kommunal və kommunikasiya xidmətlərinə, icbari sığortasına və təmir işlərinə, xərclər smetasında nəzərdə tutulmadığı halda əməkdaşlar üçün xarici dil kurslarının təşkil edilməsinə, əməkdaşlarının tibbi sığortası olduğu halda tibbi xərclərə vəsait ödənildiyi müəyyən olunub. Saxlanılma xərcləri üzrə açılmış maliyyədən qalan vəsaitin dövlət büdcəsinə qaytarılmadan növbəti büdcə ilində istifadə olunması halları müəyyən edilib, audit olunan diplomatik nümayəndəliklər tərəfindən bir sıra xərc maddələri üzrə yaranmış debitor və kreditor borcun bağlanması təmin edilməyib. Diplomatik nümayəndəliklərdə mühasibat uçotunun təşkili və aparılması ilə bağlı bəzi nöqsanlara yol verilib. Nəzarət tədbirləri ilə konsul əməliyyatlarının aparılması zamanı bəzi nöqsanlara yol verildiyi müəyyən olunub".
Yoxlamaların nəticələri Hesablama palatasının Kollegiyasında müzakirə edilərək müvafiq qərar qəbul edilib. Qərarın sürəti zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədi ilə Xarici İşlər Nazirliyinə göndərilib. Nöqsanların aradan qaldırılması məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində cəmi 39,6 min avro müvafiq qaydada dövlət büdcəsinə və diplomatik korpusun hesabına bərpa edilib. Bundan başqa, ümumilikdə 1347,3 avro debitor və 1975,5 avro kreditor borcun bağlanması təmin edilib.