"Bu gün məni materiallarla tanış olmaq üçün çağıracaqlar. Hələ işlə bağlı heç bir təsəvvürüm yoxdur".
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və ölkəmizə ekstradisiya olunan israil əsilli Belarusiya vətəndaşı Aleksandr Lapşini vəkili Səfər Hüseynov deyib.
Hazırda aktual suallardan biri də odur ki, niyə məhz Səfər Hüseynov vəkil təyin edilib? Vəkilin sözlərinə görə isə bu tamamilə bir təsadüf olub:
"Bu bir təsadüf oldu. Qaydaya əsasən belə vəziyyətdə növbətçi vəkil kimdirsə ona müraciət edirlər. Həmin gün də növbədə mən idim".
Vəkil onu da qeyd etdi ki, Lapşinlə bağlı mövzular onun da mediadan diqqətini çəkirmiş, amma hesab etmirmiş ki, onun müdafiəsinə çıxa bilər. S.Hüseynov indilərdə Lapşinlə görüşməlidir:
"Zəng gözləyirəm, mənə deyəcəklər görüş vaxtını".
Qeyd edək ki, Aleksandr Lapşinə Azərbaycan dövləti tərəfindən vəkil təyin olunub.
11:21
Aleksandr Lapşinə Azərbaycan dövləti tərəfindən vəkil təyin olunub.
Lent.az qafqazinfo-ya istinadən xəbər verir ki, vəkil Səfər Hüseynov onun müdafiəçisi olub. Bu gün isə S.Hüseynov A.Lapşinə təqdim ediləcək. Blogger Azərbaycan dövləti tərəfindən təyin olunan vəkildən imtina da edə bilər, razılaşıb müqavilə də bağlaya bilər.
S.Hüseynov açıqlamasında faktı təsdiqləyib və bildirib ki, hələ ki A.Lapşinlə görüşməyib: “Onunla görüşəcəyəm. Hazırda harada saxlanılmasını bilmirəm. Başqa bir məlumatım yoxdur. Lapşinin işi ilə bağlı hələ heç nə bilmirəm. Bundan sonra yenə onun vəkili kimi təyin olunub-olmayacağımı da bilmirəm”.