ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni səfir müavini təyin olunub.
Bu barədə APA-ya səfirlikdən məlumat verilib.
Məlumatda bildirilir ki, yeni müavin Uilyam Gil 1995-ci ildən ABŞ dövlət Departamentində çalışır. O, ABŞ-ın Diplomatik Xidmət İdarəsinin karyera əməkdaşıdır.
Bakıya gəlməzdən öncə Vaşinqtonda İnsan Resursları Bürosunda İnkişaf Məsələləri üzrə Əməkdaş kimi çalışıb. U.Gil 2011-2013 illərdə Qərbi Avropa Məsələləri üzrə Şöbəsinin direktor müavini və müvəqqəti direktoru işləyib. O, 2007-2011 illərdə Milanda ABŞ konsulu, 2005-2007 illərdə isə Beyrutda ABŞ-ın konsulu kimi çalışaraq 2006-cı ilin iyul-avqust müharibəsi zamanı 15 000 amerikalının təxliyə əməliyyatını əlaqələndirməkdə iştirak edib.
Yeni səfir müavini Hindistan və Mərakeşdə də fəaliyyət göstərib.
O, Virciniya Ştatında anadan olub, fransız, Azərbaycan, italyan və ərəb dillərində danışır.
Daha əvvəl səfirlikdə bu vəzifəni Derek Hoqan icra edib..