“Mən cənab Baş nazirə Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi məsələsi, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı fikirlərimi çatdırdım. Bir sıra qətnamələrə və qərarlara baxmayaraq, hələ də məsələ öz həllini tapmayıb”. APA-nın məlumatına görə, bu sözləri avqustun 11-də Azərbaycan və İtaliya nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdən sonra İtaliya Nazirlər Şurasının prezidenti Enriko Letta ilə birgə keçirdiyi mətbuat konfransında prezident İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, Qarabağ nizamlanmasında beynəlxalq hüquq prinsipi və Azərbaycanın ərazi bütövlüyü əsas məsələdir. İlham Əliyevin sözlırinə görə, bu məsələnin həlli regional sülh və tərəfdaşlığı təşviq edəcək.
“Biz bu regionda çox mühüm ölkəyik. Xəzər hövzəsində yerləşən mühüm ölkəyik. Avropa ilə daha yaxın münasibətlərimiz nəticəsində biz daha səmərəli nəticələr əldə edəcəyik”, - deyə prezident vurğulayıb.