“Parlament-2015 " Seçki Monitorinq Koalisiyası hesabat yaydı
29 oktyabr 2015 17:38 (UTC +04:00)

“Parlament-2015 " Seçki Monitorinq Koalisiyası hesabat yaydı

0

 

“Parlament-2015 " Seçki  Monitorinq Koalisiyası noyabrın 1-nə təyin olunmuş Milli Məclisinə seçkilərin  monitorinqinə dair aralıq hesabat yayıb.

 

Koalisiyadan Lent.az-a verilən məlumata görə, aralıq hesabatda 118 dairədə  seçkilərin təşkili, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkilərdə iştirak, müşahidəçilərin qeydiyyatı, namizədlər və siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, seçkiqabağı təşviqat, KİV-ə çıxış imkanları, habelə rəsmi seçki orqanlarının fəaliyyəti ilə bağlı məsələlər yer alıb.

 

Hesabatda qeyd olunur ki, monitorinq aparılmış  bütün dairə və məntəqə seçki komissiyalarının işi qanunvericiliyin tələblərinə uyğun qaydada təşkil edilib. Səsvermə məntəqələri əhaliyə yaxın binalarda yerləşdirilib və hazır vəziyyətə gətirilib. Seçici siyahıları təkmilləşdirilib və MSK-nın internet səhifəsində yerləşdirilib. Qeyd olunub ki, internet səhifəsində namizədlər barədə məlumatlar, MSK-nın qərarları, seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar da yerləşdirilib. Koalisiya hesab edir ki, bütün bunlar seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə münbit şərait yaradıb.

Hesabatda göstərilir ki, namizədlərin qeydə alınması prosesi müvafiq qanunvericiliyə və təkmil praktikaya uyğun şəkildə aparılıb, namizədlər üçün imza toplanması zamanı hər hansı ciddi qanun pozuntuları baş verməyib. İmza toplanması və onların dairə seçki komissiyalarında yoxlanılması zamanı meydana çıxan narazılıqlar aradan qaldırılıb, imza vərəqələrində çatışmazlıqlar səbəbindən qeydə alınmayan namizədlərə lazımi izahatlar verilib. Eyni zamanda namizədlərin qeydiyyatı prosesində aşkarlığın və şəffaflığın təmin olunması məqsədilə dairə seçki komissiyaları tərəfindən müvafiq qərarlar qəbul edildikcə, bütün namizədlər haqqında məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilib və vaxtaşırı yenilənib.

 

Koalisiya namizədlərin seçicilərlə görüşlərin səmərəli təşkili məqsədilə seçki dairələrinin ərazisində 128 açıq və 128 qapalı yer ayrılmasını müsbət hal hesab edir. Bildirilir ki, namizədlərin bu imkandan bərabər şəkildə istifadə etməsi təmin edilir, bu istiqamətdə heç bir məhdudiyyət və  pozuntular qeydə alınmayıb.

Monitorinq zamanı seçki komissiyaları tərəfindən müraciətlərə baxılması məsələsinə xüsusi diqqət ayrılıb. Hesabatda bildirilir ki, şikayətlərə baxılması prosesi ərizəçilər, müşahidəçilər və digər seçki subyektləri üçün açıq aparılır, vətəndaşların öz müraciətlərinə baxılması prosesini MSK-nın internet səhifəsindəki müvafiq bölmədən izləmək imkanı vardır.

Hesabatda seçkilərin müşahidəsi ilə bağlı qeyd edilir ki, ki, MSK tərəfindən müşahidəçilərə, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçki prosesini əvvəldən axıradək sərbəst izləmək üçün əlverişli şərait yaradılıb. Bütün seçki subyektləri, eləcə də müşahidəçilər üçün Azərbaycan, ingilis və rus dillərində müxtəlif maarifləndirmə materialları - “Seçki günü üçün yaddaş”, “Müşahidəçilər üçün yaddaş” kitabçaları və s. hazırlanıb və paylanılıb, həmçinin, MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib. 

Koalisiya hesab edir ki, 1000 məntəqədə veb kameraların quraşdırılması, ayrı-ayrı namizədlərin və seçkiyə qatılan siyasi partiyaların nümayəndələri də nəzərə alınarsa, seçkilərin müşahidəsinin və seçkilərə ictimai nəzarətin yetərincə təmin olunduğunu söyləmək olar.

 

Hesabatda qeyd olunur ki, seçkilərdə 125 deputat mandatı uğrunda 767 nəfərin mübarizə aparması, yəni 1 yer uğrunda 6 namizədin yarışması, 16 siyasi partiya və bir seçki blokunun seçki kampaniyasında iştirakı sağlam rəqabət mühitinin təmin edildiyini və ölkədə siyasi plüralizmin səviyyəsinin yüksək  olduğunu nümayiş etdirir.

 

Hesabatda qadınların bu seçkilərdə daha fəal olduğu xüsusi vurğulanır. Bildirilir ki, qeydə alınan namizədlərdən 170 nəfərdən çoxu qadındır. Elə seçki dairələri vardır ki, həmin dairələrdə qadın namizədlərin sayı 3-dən çoxdur, yəni namizədlərin 50 faizindən  çoxunu qadınlar təşkil edir.

 

Hesabatın yekununda koalisiya bildirir ki, namizədlərin irəli sürülməsi, imza toplanması, qeydiyyatı və seçkiqabağı təşviqat mərhələlərində rəsmi seçki qurumları və icra hakimiyyəti orqanları tərəfindən vətəndaşların seçki hüquqları ilə bağlı qanunsuz məhdudiyyətlərə və pozuntulara yol verilməyib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, namizədliyini irəli sürmək istəyən Azərbaycan Respublikasının vətəndaşları passiv seçki hüququndan sərbəst istifadə edə biliblər. Keçirilən rəy sorğuları zamanı respondentlərin əksəriyyəti bildirib ki, seçki prosesi ümumilikdə demokratik mühitdə cərəyan edir.

 

Qeyd edək ki, 5 qeyri-hökumət təşkilatı (Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırılmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu,  Azərbaycan Tələbələr Birliyi) tərəfindən yaradılmış “Parlament-2015” Seçki Monitorinq Koalisiyası 2015-ci il noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin monitorinqini aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar