Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi: 11 xarici mobil operator “Karabakh Telecom”la rouminq əməkdaşlığını dayandırıb
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə xarici ölkələrin mobil rabitə operatorları arasında olan rouminq əməkdaşlığın dayandırılması məqsədilə Xarici İşlər Nazirliyi və mobil operatorlarla birgə tədbirlər görülüb.
Lent.az-ın verdiyi məlumata görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2012-ci ilin yekunları ilə bağlı keçirilən Kollegiya iclasında Aparat rəhbəri Vidadi Zeynalov söyləyib.
Vidadi Zeynalov deyib ki, 2012-ci ildə 17 ölkənin 19 mobil operatoruna ünvanlanmış müraciətlər nəticəsində artıq 11 xarici mobil operator “Karabakh Telecom”la rouminq əməkdaşlığını dayandırıb. Bu istiqamətdə işlər davam etdirilir.