“ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində iş davam etməlidir.”
APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri Yan Kelli bu gün Vyanada ATƏT-in Daimi Şurasının iclasında çıxış edərək bildirib.
O, uzadılmış münaqişələrin ATƏT-in ümumi təhlükəsizlik problemi kimi davam etdiyini vurğulayıb və ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaraya bu məsələlərə əlavə diqqət yetirmək üçün münaqişələr üzrə xüsusi nümayəndə təyin etməyi tövsiyə edib.
Bu gün ATƏT-in fəaliyyətdə olan sədri L.Kojara ATƏT Daimi Şurasının iclasında Ukraynanın təşkilata sədrliyinin prioritetlərini açıqlayıb.
Xatırladaq ki, ötən ilin dekabrında Robert Bradtkenin ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsində səlahiyyət müddəti başa çatıb. Bu vəzifəyə müvəqqəti olaraq Yan Kelli təyin olunub. O, 2010-cu ildən ABŞ-ın ATƏT-dəki səfiridir.