Bakıda Azərbaycan və Norveç xarici işlər nazirlərinin görüşü olub. APA-nın məlumatına görə, görüşdə tərəflər energetika və qeyri-neft sektorunda ikitərəfli əməkdaşlığı daha da genişləndirmək, regional məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT müstəvisində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar.
Elmar Məmmədyarov Norveçin xarici işlər naziri Espen Bart Eydeni Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətlə tanış edib. Espen Bart Eyde öz növbəsində ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini, status-kvonun qorunub saxlanmasının yolverilməzliyini vurğulayıb. XİN başçısı Azərbaycanın müstəqillik dövründə nail olduğu inkişafı alqışlayıb və qeyd edib ki, Azərbaycan və Norveç bir sıra sahələrdə yaxın tərəfdaşlardır.
Espen Bart Eyde iki ölkənin neft-qaz sektorunda əməkdaşlığı inkişaf etdirmək potensialına malik olduğunu deyib: “Biz Azərbaycanla enerji resurslarının daşınması sahəsində əməkdaşlığı genişləndirmək istəyərdik. Norveç və Azərbaycan, Rusiya ilə yanaşı Avropa üçün əsas enerji resursları hasilatçılarıdır”.