“Avropa Oyunları ölkəmizin tarixində hər azərbaycanlının növbəti qələbəsi kimi qalacaq”
02 fevral 2013 23:16 (UTC +04:00)

“Avropa Oyunları ölkəmizin tarixində hər azərbaycanlının növbəti qələbəsi kimi qalacaq”

 

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub.


APA-nın məlumatına görə, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxışında bildirib ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamını göstərir. Bundan əlavə, son illərdə Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq idman tədbirləri, idmançılarımızın yarışlarda qazandığı uğurlar Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasındadır.

 

Hazırlıq işləri barədə məlumat verən Mehriban Əliyeva bildirib ki, Avropa Oyunları 2015-ci ilin iyun-iyul aylarında keçiriləcək: “Beş min idmançının iştirak edəcəyi bu tədbirə qatılacaq rəsmi nümayəndə heyətlərinin sayı 1000 olacaq. Tədbiri 2000 beynəlxalq KİV nümayəndəsi işıqlandıracaq. İlkin razılığa əsasən, oyunların proqramına 28 Olimpiya idman növündən minimum 12 və 2 qeyri-Olimpiya idman növü daxil edilib”, deyə Mehriban Əliyeva bildirib.

 

Təşkilat Komitəsinin sədri bildirib ki, artıq yarışların keçiriləcəyi yerlər də müəyyən olunub. Mehriban Əliyeva yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsinin mümkünlüyünü bildirib. Təşkilat Komitəsinin sədri qeyd edib ki, 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacağını diqqətə çatdırıb. Mehriban Əliyevanın sözlərinə görə, birinci Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub.

 

Mehriban Əliyeva qeyd edib ki, oyunların yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyən edən geniş tədbirlər planı hazırlanır.

 

Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxışının sonunda birinci Avropa Oyunlarının    Azərbaycan tarixində hər bir azərbaycanlının növbəti qələbəsi kimi qalacağına əmin olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar