Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri Azərbaycan-Avropa əlaqələri baxımından mühüm hadisələrdən biri idi”.
APA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Avropa İttifaqıŞurasının prezidenti Donald Tuskun Azərbaycana səfərinə münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, D. Tuskun səfəri əslində Avropa Oyunları zamanı baş tutmalı idi: “Ancaq 21-22 iyunda Yunanıstanla bağlı mühüm durum yarandı, böhranla bağlı Avropa İttifaqına üzv dövlətlərin toplantısı oldu. O da Azərbaycan tərəfindən üzr istəyərək bildirdi ki, gələ bilmir”.
N. Məmmədov bu ilin əvvəlində Qərb strukturları ilə Azərbaycan arasında bir sıra məsələlərə yanaşmada mövqe fərqinin olduğunu söyləyib: “Azərbaycan müstəqillik qazandığı müddətdən bəri Avropa dövlətləri ilə strateji sahələrdə ən uğurlu və sıx əməkdaşlıq edən ölkədir. Postsovet məkanındakı dövlətlər içərisində Avropa dövlətləri ilə bu səviyyədə əməkdaşlıq edən ikinci ölkə göstərmək olmaz. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr regionun sabitliyinə və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verib. Eyni zamanda AzərbaycanAvropa İttifaqı ilə terrorizmə qarşı səmərəli mübarizə aparır, bunun tarixi müstəqilliyimizin ilk illərindən başlayır. Digər tərəfdən, Azərbaycan Avropa strukturları ilə dünyanın müxtəlif yerlərində sülhün təmin olunmasında əməkdaşlıq edir”.
N. Məmmədov qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə siyasi və mədəniyyət sahələrində də sıx əməkdaşlıq edir: “Amma bu ilin əvvəlindən bizim Avropa strukturlarına açıq, səmimi və daha sərt formada iradlarımız olub. Biz deyirik ki, əgər strateji sahələrdə belə əməkdaşlıq ediriksə, sizdən bunu dəyərləndirən münasibət gözləyirik, çox təəssüf ki, uzun müddət gözləsək də, bu münasibəti görə bilmirik. Həm də Avropa strukturlarına xırda bir irad deyəndə özünü fəal adlandıran müxalifətçilər, QHT-lər deyirlər ki, dünya dağıldı. Bəlkə deyilən iradlar əsaslıdır?! Sözüm yoxdur, onları maliyyələşdirənlərə, sahiblərinə xidmət etsinlər, ancaq unutmasınlar ki, Azərbaycan vətəndaşıdırlar. Onlar Avropa strukturlarından bu müddət ərzində Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyi tələb etməyiblər, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması barədə indiyə qədər söz deməyiblər”.
N. Məmmədov Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qərbdən, Avropa strukturlarından beynəlxalq hüquqa uyğun mövqe gözlədiklərini vurğulayıb: “Təəssüf ki, onlar bunu etmirlər, edə bilmirlər. Biz Vilnüs sammitində assosiasiya sazişinə qoşulmadıq. Bizi tənqid edirdilər. Amma həmin tənqid edənlərin biri də demədi ki, assosiasiya sazişində Azərbaycanın ərazi bütövlüyü göstərilmir. Necə olur ki, Moldova, Ukrayna ilə assosiasiya sazişində bu göstərilir? Bunu bir müxalifət fəalı, həmin QHT-lər demədilər. Prezident İlham Əliyev Azərbaycanın maraqları ilə bağlı addım atır və atmaqdadır. Ola bilər ki, bir müddət Azərbaycanın bəyanatlarına, mövqelərinə Qərbdə diqqət yetirmirdilər, düşünürdülər ki, Azərbaycanı istədikləri yola gətirəcəklər. Amma prezident son müşavirədə Qərbdə bağlı konkret mövqe nümayiş etdirdi. Anladılar ki, Azərbaycana başqa ölkələr kimi fərqli münasibət göstərə bilməzlər. Avropa İttifaqının prezidentinin səfəri də bunun göstəricisi idi”.
N. Məmmədovun sözlərinə görə, Donald Tusk etiraf edib ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır: “O cümlədən, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Donald Tusk bəyan etdi ki, Avropa İttifaqı Azərbaycanın müstəqilliyi və suverenliyini dəstəkləyir. Uzun yoldan sonra bu qiyməti aldıq. Yeri gələndə biz öz mili maraqlarımız, təhlükəsizlik və sabitliyimiz üçün bu addımları atmaqda davam edirik. Bir daha deyirəm ki, müstəqilliyi qoruyub saxlamaq çox çətindir. Müstəqilliyimizi əbədi qorumalıyıq”.