“Doxsan beş il əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yarandı. Bu, böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Eyni zamanda, respublikanın yaranması müsəlman aləmində respublika quruluşunun yayılmasına da təkan verdi”.
APA-nın xəbərinə görə, bunu mayın 27-də Respublika Günü ilə bağlı rəsmi qəbuldakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezıdent ilk müstəqil respublikanın qurulma prosesindən danışıb, uğurları sadalayıb.
Ölkə başçısı deyib ki, indi də ilk müstəqil respublikanın qurulması üçün “İstiqlal Bəyannaməsi”ni imzalayanların xatirəsi əziz tutulur, onların şərəfinə Bakının mərkəzində abidə ucaldılıb.
Prezident bildirib ki, Azərbaycan Sovet İttifaqının tərkibində olanda da inkişaf prosesi gedib: “Hesab edirəm ki, o illər ərzində müsbət məqamlar da kifayət qədər çox idi. İlk növbədə, savadsızlığa qarşı mübarizə gözəl nəticələr verib. Yoxsulluq aradan qaldırılıb, işsizlik demək olar ki, yox idi. Azərbaycanda sənayeləşmə prosesi gedirdi, xüsusilə 1970-ci illərdə bu proses daha geniş vüsət almışdı”.
Lakin ölkənin azad, müstəqil olmadığını vurğulayan prezident müstəqillikdən məhrum olmaqla bərabər Sovet İttifaqındakı siyasi və iqtisadi sistemin sürətli inkişaf üçün məqbul olmadığını da qeyd edib: “Sovet İttifaqının süqutu bunun əyani sübutudur”.
Dövlət başçısı 1970-ci illərdə Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə böyük quruculuq işləri başlandığını, ittifaqda müttəfiq respublikalar arasında Azərbaycanın seçilib- fərqləndiyini deyib: “Burada sürətli inkişaf gedirdi. Biz bu sürətli inkişafı 1993-cü ildən sonra da görəcəyik. Ancaq əfsuslar olsun ki, 1980-ci illərin sonlarında - erməni separatizminin baş qaldırması dövründə respublikaya rəhbərlik etmiş insanlar öz vəzifə borcunu yerinə yetirə bilmirdilər. Azərbaycan tənəzzülə uğrayırdı və Sovet İttifaqı dağılanda burada vəziyyət çox ağır idi. Siyasi xaos, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, sənaye demək olar ki, iflic vəziyyətində idi. İqtisadiyyatımızın əsas sektoru olan neft sektoru da tənəzzülə uğrayırdı, hasilat getdikcə aşağı düşürdü. Bir sözlə, 1991-ci ildə müstəqillik bərpa olunanda Azərbaycan postsovet məkanında ən ağır vəziyyətdə olan ölkə idi. Bir tərəfdən, Ermənistanın və separatçıların ərazi iddiası, digər tərəfdən, daxildə xoşagəlməz vəziyyət, hakimiyyət uğrunda çəkişmələr, xüsusilə 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əslində əldən gedirdi, tarix təkrarlanırdı. Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı və 1991-1993-cü illərdə - iki il ərzində demək olar ki, Azərbaycan böyük fəlakətlərlə üz-üzə idi”.
Prezident bildirib ki, müstəqilliyə gedən yolda ulu öndər Heydər Əliyevin böyük zəhməti olub: “Hələ Naxçıvanda ikən Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilməmişdir. Yəni, bütün bu addımlar əslində müstəqilliyə yönəldilmiş addımlar idi”.
Prezident daha sonra bildirib: “Təsadüfi deyildi ki, 1993-cü ildə vətəndaş müharibəsi getdiyi bir dövrdə Azərbaycan xalqı yenə milli liderə müraciət etdi, onu dəvət etdi. Onun Azərbaycan siyasi hakimiyyətinə gəlişindən sonra vəziyyət köklü şəkildə dəyişdi və Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
Prezident bildirib ki, 1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olub: “Məhz o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib. O illərdə Azərbaycan dünya birliyinə qovuşub, özünü tanıtdıra bilib. Çox ciddi islahatlar aparılıb. Bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil edib. Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması məhz o illərə təsadüf edir. Müstəqil dövlətin Konstitusiyası qəbul edilib. Siyasi sistem möhkəmləndirilib, ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılıb”.
İlham Əliyev deyib ki, 1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi tarixdə qalıb: “Bu illər ərzində görülmüş işlər bu gün ölkəmizin uğurlu inkişafına xidmət göstərir. O illərdə başlanmış layihələr bu gün uğurla davam etdirilir. Əlbəttə, Azərbaycanın bugünkü reallıqlarını təsəvvür etmək üçün, əlbəttə, biz o illərə qayıtmalıyıq”.
Prezident deyib ki, bu gün bu siyasət dəyişməz olaraq qalır: “ Bu gün Azərbaycan uğurla, inamla inkişaf edir. Ölkə qarşısında duran bütün əsas vəzifələr müvəffəqiyyətlə icra edilir. Azərbaycan bu gün dünya miqyasında etibarlı tərəfdaş və dost ölkə kimi tanınır”