Ötən illə bağlı maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edən siyasi partiyaların yekun sayı açıqlanıb.
MSK sədrinin müavini Natiq Məmmədov APA-ya açıqlamasında deyib ki, dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 51-i maliyyə hesabatlarını MSK-ya təqdim edib.
Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən 2015-ci ildən başlayaraq siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər.
N. Məmmədov deyib ki, MSK-nın əsas məqsədi siyasi partiyaların maliyyə institutlarını mümkün qədər yüksək səviyyəyə qaldırmaqdır: “Bu, həm partiyaların, həm də ictimaiyyətin maraqlarına uyğundur. Ona görə də çalışırıq ki, bütün siyasi partiyaları maliyyə hesabatlarına cəlb edək. Ümid edirəm ki, nəticəsi olacaq, çünki keçən illə müqayisədə nəticə ortadadır”.
N. Məmmədov maliyyə hesabatlarını verməyən 4 partiyanın da hesabatlarını təqdim edəcəyinə ümid etdiyini qeyd edib.