Vəfa Cümşüdlü istefa verdi, Tofiq Yaqublu etiraz edir – Müsavatda NƏ BAŞ VERİR?
21 may 2024 13:04 (UTC +04:00)

Vəfa Cümşüdlü istefa verdi, Tofiq Yaqublu etiraz edir – Müsavatda NƏ BAŞ VERİR?

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Müsavat Partiyasının XI qurultayı keçirildi. Qurultayda İsa Qəmbər partiya başqanı seçildi. İsa Qəmbərin yenidən sədr seçilməsindən sonra partiyada gərginlik müşahidə olunur.

Belə ki, Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verdiyini açıqladı. Vəfa Cümşüdlü Müsavat Partiyasının son qərarlarına və atmış olduğu addımlara, konkret olaraq Prezident Adminstrasiyasının təşəbbüsü ilə baş tutan dialoq platformasında iştirakına etiraz edərək bu qərarı verdiyini dedi. 

O qeyd edib ki, indiyə qədər dialoqda iştirak edən partiyaların qaldırdığı heç bir problem hakimiyyət tərəfindən həll edilməyib. Bundan əlavə, o, iddia edir ki, bu günədək partiyada qaldırdığı problemlər həll olunmayıb. Cümşüdlü belə bir şəraitdə Müsavat Partiyasının tədbirə qatılmasını yanlış sayıb. 

Bununla yanaşı, Tofiq Yaqublunun qızı Nigar Həzi də “facebook” səhifəsində atası ilə görüşdüyünü və atasının Müsavat Partiyası ilə bağlı mesajını paylaşıb.

Tofiq Yaqublu mesajında Müsavat Partiyasının həqiqi müxalif mövqeyindən uzaqlaşmağa başladığını eyham vurub. O, İsa Qəmbərə bununla bağlı ismarış da göndərib: 

“Müsavat Partiyasının yeni rəhbərliyi bu haqda ciddi düşünməli və həmin tədbirdə iştirakın səhv olduğunu bəyan etməlidir”.

Vəfa Cümşüdlünün istefasına və Tofiq Yaqublunun etirazına münasibət öyrənmək üçün Lent.az-ın əməkdaşı Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı ilə əlaqə saxlayıb.

Gülağa Aslanlı Lent.az-a açıqlamasında bildirib ki, Vəfa Cümşüdlünün son 4 ildə Müsavat partiyasının Mərkəzi Aparatı ilə heç bir əlaqəsi olmayıb:

“Ona görə də onun partiyanın rəhbərliyi haqqında söylədiyi fikirlərin heç bir əsası yoxdur”.

Gülağa Aslanlı Tofiq Yaqublunun Müsavat Partiyası haqqında dediyi sözlərə də münasibət bildirib:

“Tofiq Yaqublu həbsdə olduğu üçün bu barədə geniş informasiya ala bilmir. Allah onun qapısını açsın. Görünür onun Müsavat partiyasının həmin görüşdə nə üçün iştirak etdiyini, partiya nümayəndəsinin nələr dediyi haqqında məlumatı yoxdur. Bu baxımdan o da yanlış fikir söyləyə bilər. Bu da onun öz fikridir, hörmətlə yanaşırıq”.

Qeyd edək ki, mayın 16-da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Müsavat Partiyasını Gülağa Aslanlı təmsil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3366
avatar

Arzu Qurbanlı

Oxşar yazılar