Azərbaycanın TDT-də artan rolu - TƏHLİL
17 sentyabr 2026 17:39 (UTC +04:00)

Azərbaycanın TDT-də artan rolu - TƏHLİL

1

Türk dünyasında inteqrasiya son illərdə yeni mərhələyə daxil olub. Ortaq tarixi və mədəni bağlara əsaslanan münasibətlər artıq təhlükəsizlik, enerji, nəqliyyat, investisiya və siyasi koordinasiya kimi strateji istiqamətləri də əhatə edir. Azərbaycan isə bu prosesdə TDT daxilində fəal və etibarlı platformalardan biri kimi çıxış edir.

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib ki, təşkilat çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilən ardıcıl görüşlər türk dövlətləri arasında fəal qarşılıqlı əlaqənin göstəricisidir.

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB

Dövlət başçısı bir neçə gün əvvəl TDT-yə üzv ölkələrin dini liderlərini qəbul etdiyini, daha sonra isə təşkilatın təhlükəsizlik şuralarının katiblərinin 5-ci iclas üçün Bakıda bir araya gəldiyini vurğulayıb: “Cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul etmişdim. Bu gün isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır”.

Qısa müddətdə dini-mənəvi və təhlükəsizlik kimi fərqli istiqamətlər üzrə yüksək səviyyəli toplantıların Bakıda keçirilməsi Azərbaycanın TDT daxilində siyasi dialoq və koordinasiya üçün mühüm platformalardan biri kimi rolunu göstərir. Təşkilatın gündəliyi də artıq yalnız ortaq tarixi və mədəni bağlarla məhdudlaşmır.

Dövlət başçısı bunu çıxışında belə ifadə edib:“Müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir”.

TDT-nin qarşısında duran strateji hədəflərdən biri təşkilatın beynəlxalq arenadakı çəkisinin daha da artırılmasıdır.

Prezident İlham Əliyev üzv dövlətlərin bu məsələdə ortaq mövqeyə malik olduğunu vurğulayıb:“Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir”.

Bu məqsədə xidmət edən istiqamətlərdən biri TDT daxilində siyasi təmasların intensivləşdirilməsidir. Zirvə görüşlərinin müntəzəm keçirilməsi ilə yanaşı, Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşləri formatının yaradılması və ilk belə toplantının Şuşada keçirilməsi bunun nümunəsidir.

Prezident bunun səbəbini açıq şəkildə izah edib: “Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlamışıq. Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Həmkarlarımız da bunu dəstəklədilər və ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər ölkələrdə də keçirildi”.

Azərbaycanın TDT siyasəti çoxtərəfli formatla yanaşı, üzv dövlətlərlə ikitərəfli müttəfiqlik münasibətlərinin dərinləşdirilməsinə əsaslanır. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzalanmış müttəfiqlik sənədləri bunun siyasi-hüquqi bazasını formalaşdırır.

“Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir”, – deyə Prezident bildirib.

Siyasi yaxınlaşma iqtisadi əməkdaşlıqla da möhkəmləndirilir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması qarşılıqlı sərmayələrin artırılması və Türk dünyası daxilində iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün praktik mexanizm formalaşdırır.

Prezident İlham Əliyev Azərbaycanın bu siyasətinin fundamental xarici siyasət seçimi olduğunu xüsusi vurğulayıb: “Ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.

Azərbaycanın TDT daxilində əhəmiyyətini artıran digər amil onun coğrafi mövqeyi və enerji-nəqliyyat infrastrukturu ilə bağlıdır. Azərbaycan Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz və Türkiyə ilə birləşdirən əsas bağlantı məkanlarından biridir.

BİZ BİRLİKDƏ GÜCLÜYÜK

Dövlət başçısı bu məsələnin təhlükəsizliklə birbaşa bağlı olduğunu bildirib: “Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir”.

Prezidentin fikrincə, müasir geosiyasi şəraitdə enerji, nəqliyyat və təhlükəsizlik artıq bir-birindən ayrı istiqamətlər kimi nəzərdən keçirilə bilməz:“Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil”.

TDT-nin güclənməsinin digər mühüm dayağı isə üzv dövlətlərin ortaq etnik köklərə, yaxın dillərə, mədəniyyətlərə və mənəvi dəyərlərə malik olmasıdır. Bu amil təşkilat daxilində siyasi və iqtisadi maraqları xalqlar arasında mövcud tarixi bağlarla tamamlayır.

Nəticə etibarilə, Azərbaycanın TDT siyasəti siyasi koordinasiya, təhlükəsizlik, enerji və nəqliyyat bağlantıları, investisiyalar, humanitar əməkdaşlıq və ortaq mənəvi-mədəni dəyərlər kimi bir-birini tamamlayan istiqamətlər üzərində qurulur. Bakıda müxtəlif sahələr üzrə yüksək səviyyəli TDT tədbirlərinin ardıcıl keçirilməsi də Azərbaycanın təşkilat daxilində fəal platforma rolunun praktik ifadəsidir.

Prezident İlham Əliyevin çıxışının yekununda müəyyən etdiyi hədəf isə TDT-nin gələcək inkişaf istiqamətini ümumiləşdirir: “Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq”.

Azərbaycanın TDT çərçivəsində fəaliyyəti Türk dünyasının siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sıx inteqrasiyasına yönəlib. Bakının ardıcıl yüksək səviyyəli görüşlərə ev sahibliyi etməsi, üzv dövlətlərlə müttəfiqlik münasibətlərinin və iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycanın bu prosesdə mərkəzi və etibarlı platforma rolunu daha da möhkəmləndirir. Qarşıdakı əsas hədəf isə mövcud potensialı vahid gücə çevirərək TDT-nin beynəlxalq arenadakı rolunu və təsir imkanlarını daha da genişləndirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 304

Oxşar yazılar