Rusiya SOCAR-ın  Ukraynadakı daha bir obyektini vurdu:  "Bu təsadüf deyil" - YENİLƏNİB
06 iyul 2026 14:37 (UTC +04:00)

Rusiya SOCAR-ın Ukraynadakı daha bir obyektini vurdu: "Bu təsadüf deyil" - YENİLƏNİB

0

Xəbər verdiyimiz kimi, Rusiya ötən gecə Ukraynada Azərbaycan brendi olan SOCAR-ın obyektlərinə yenidən zərbə endirdi. Bu dəfə hədəf Nikolayev vilayətinin Neçayannoe kəndində Azərbaycan şirkətinə məxsus yanacaqdoldurma məntəqəsi oldu. Kimlərsə bunu təsadüf adlandırırsa, yanılırlar. Ukraynada Azərbaycan brendinin dəfələrlə hədəfə alınması təsadüf ola bilməz. Rusiya Azərbaycanın Ukraynadakı iqtisadi maraqlarına və infrastrukturuna qəsdən hücum edir. Bu, təsadüfi deyil, məqsədyönlü siyasətin bir hissəsidir...

Politoloq Elçin Alıoğlu da hesab edir ki, bu hücumlar təsadüf ola bilməz:

"Bu, artıq sistemdir...

Rusiya hər dəfə eyni yalanın arxasında gizlənməyə çalışır: guya Ukrayna ərazisində hərbi və enerji infrastrukturu vurulur, guya mülki obyektlər təsadüfən zərər görür. Amma SOCAR obyektləri bir dəfə yox, dəfələrlə hədəfə alınıbsa, burada təsadüfdən danışmaq reallığı təhqir etməkdir. Eyni şirkətin, eyni ölkəyə məxsus mülki infrastrukturlarının təkrar-təkrar vurulması “yan ziyan” deyil. Bu, seçilmiş hədəfdir.

SOCAR adi kommersiya şirkəti deyil. SOCAR Azərbaycanın xaricdə enerji varlığının, iqtisadi nüfuzunun və regional strategiyasının rəmzidir. Ukraynada SOCAR-a endirilən zərbə yalnız bir yanacaqdoldurma məntəqəsinə hücum deyil. Bu, Azərbaycanın Ukraynadakı iqtisadi maraqlarına, enerji mövqeyinə, investisiyalarına və dövlət brendinə vurulan zərbədir.

Moskva çox yaxşı anlayır ki, Azərbaycan enerji siyasəti ilə Rusiyanın illərdir qurduğu asılılıq mexanizmlərini dağıdır. Bakı alternativ marşrutlar yaradır, Avropa ilə enerji əməkdaşlığını genişləndirir, Ukrayna və Balkanlar üzərindən yeni əlaqələr qurur. Azərbaycan qazı, Azərbaycan kapitalı və Azərbaycan diplomatiyası Rusiyanın köhnə təsir zonalarına daxil olur. Kreml də məhz bunu həzm edə bilmir.

Bu səbəbdən SOCAR-a hücumlar sadəcə Ukraynadakı müharibə epizodu kimi təqdim oluna bilməz. Bu, Azərbaycanın enerji müstəqilliyinə və diversifikasiya siyasətinə verilən aqressiv cavabdır. Rusiya dronlarla təkcə beton divarları, yanacaq çənlərini və inzibati binaları vurmur. Rusiya Azərbaycanın müstəqil xəttini, Bakının Moskvadan icazə almadan regional oyunçuya çevrilməsini hədəfə alır.

Mənzərə yalnız SOCAR-la məhdudlaşmır. Azərbaycanın Kiyevdəki səfirliyi də Rusiya zərbələri nəticəsində bir neçə dəfə zərər görüb. Diplomatik nümayəndəliyin binasına, konsulluq şöbəsinə, səfirin iqamətgahına, xidməti avtomobillərə və əraziyə ziyan dəyməsi artıq sənədləşdirilmiş faktdır. Koordinatları məlum olan, beynəlxalq hüquqla qorunan obyektlərin dəfələrlə zərər görməsi də “səhv” izahını mənasız edir. Bu, diplomatik toxunulmazlığa sayğısızlıqdır. Bu, Azərbaycana qarşı açıq düşmənçilik siqnalıdır.

Ən təhlükəli məqam budur: Rusiya Azərbaycanı öz ərazisində yox, Ukraynada vurur. Çünki Moskva burada riski daha az, mesajı isə daha sərt sayır. SOCAR obyektlərini hədəfə almaqla Kreml Bakıya göstərmək istəyir ki, Azərbaycanın maraqları Rusiyanın hərbi-siyasi hesablarında toxunulmaz deyil. Bu, güc nümayişidir. Bu, qorxutma cəhdidir. Bu, imperiya refleksidir.

Ona görə də bu hadisələrin adı düzgün qoyulmalıdır. Bu, müharibə fonunda baş vermiş insident deyil. Bu, Azərbaycanın mülki iqtisadi və diplomatik infrastrukturuna qarşı sistemli təzyiqdir. Mülki obyektlərə hücum beynəlxalq hüquqa ziddir. Diplomatik obyektlərin zədələnməsi beynəlxalq nizamın təməl prinsiplərinə zərbədir. SOCAR-a hücum isə Azərbaycanın enerji maraqlarına birbaşa hücumdur.

Cavab da sərt və aydın olmalıdır. Hər zərbə sənədləşdirilməli, hər fakt beynəlxalq platformalara çıxarılmalı, hər epizod siyasi və hüquqi dosyeyə çevrilməlidir. Rusiya anlamalıdır: Azərbaycanın maraqlarına vurulan zərbələr müharibə tüstüsünün içində itib-batmayacaq".

***

saat 00:37

Rusiya qüvvələri iyulun 5-də Ukraynanın Nikolayev vilayətində, Odessa istiqamətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə iki dəfə zərbə endirib.

Lent.az xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Nikolayevdən təxminən 30 kilometr məsafədə yerləşən Neçayane kəndindəki yanacaqdoldurma məntəqəsinə ilk zərbə saat 19:16-da, ikinci zərbə isə saat 19:33-də "Şahed" tipli pilotsuz uçuş aparatı ilə endirilib.

Mənbənin sözlərinə görə, iyulun 3-də monitorinq kanalları Rusiyanın logistika obyektlərinə, yük nəqliyyatına və yanacaqdoldurma məntəqələrinə qarşı kütləvi zərbələr endirməyi planlaşdırdığı barədə xəbərdarlıq yayıb. Potensial hədəflər arasında Nikolayev şəhəri və vilayətində fəaliyyət göstərən müxtəlif yanacaqdoldurma şəbəkələri, o cümlədən SOCAR kompleksi də olub.

Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinə dəymiş ziyanın həcmi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1128

Oxşar yazılar