Prezidentə və Xalqa verilən ORDEN
14 noyabr 2021 13:00 (UTC +04:00)

Prezidentə və Xalqa verilən ORDEN

Həftə çox önəmli və qlobal bir hadisəylə yadda qaldı: Türkiyədə Türk Şurası dövlət başçılarının İstanbul sammiti keçirildi.  Əvvəlcə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni binasının açılışı oldu. Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan prezidentləri, o cümlədən Macarıstanın Baş naziri Viktor Orban iştirak etdilər. Zirvə Görüşündə gündəmin çox vacib məsələləri müzakirə olundu. İclasın gündəliyindəki məsələlərlə yanaşı, liderlər hazırkı regional və beynəlxalq siyasi və iqtisadi hadisələrlə də bağlı fikir mübadiləsi apardılar. Zirvədə Türkmənistan quruma tamhüquqlu üzv qəbul olunub. Bununla da birlikdəki müstəqil türk dövlətlərinin sayı 6-ya yüksəldi. Təşkilatın adı isə  “Türk Dövlətləri Birliyi” olaraq dəyişdirildi.

Toplantıda Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif olundu. Əslində, Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, Türk dünyasında Liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir. 

Hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyev deyirdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”. Bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Liderdir. 

Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm Türkiyə, həm də Orta Asiya bölgəsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz türk dünyasının bütün sahələr üzrə əlaqələrinin genişlənməsi və inteqrasiya baxımından böyük gücə malik olacaq. Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda Prezident İlham Əliyev böyük əmək sərf etmişdir və Türk dünyası adından verilən bu ali mükafat bu zəhmətin qiymətləndirilməsi, minnətdarlıq hissinin ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına önəmli töhfələr vermişdir. Hansı prizmadan baxılsa, Azərbaycan Türk Şurasına sədrliyi dövründə böyük uğurlar qazanıb. 

Təşkilatın sıraları genişlənib, dünyadakı nüfuzu artıb, böyük bir coğrafiyada kompleks inkişaf reallığı meydana çıxıb. İlham Əliyevin Türk Dünyasının Ali Ordeninə layiq görülməsi ümumtürk dünyasında vahid dəyərlər sisteminin formalaşması prosesinin ən parlaq təzahürüdür. Bu hadisə bir daha sübut edir ki, türk dövlətlərinin inteqrasiyası və yaxınlaşmasında dövlət başçılarının şəxsi keyfiyyətləri və töhfələri önəmli rol oynayır. Heç bir şübhə yoxdur ki, ümumtürk inteqrasiya proseslərinə hər bir liderin verdiyi töhfələr diqqətlə izlənilir və türk dünyasının ümumi gücünə güc qatmağı bacaran ölkə liderlərinin əməyi layiqincə qiymətləndirilir. 
Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik etmiş, Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərmiş, Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilmiş, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulmuşdur. Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf etmiş, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etmişdir. 

Azərbaycanın Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynamışdır. Hazırda regionda həyata keçirilən beynəlxalq və regional layihələr türkdilli dövlətlər arasında bağlılığa öz töhfəsini verməkdədir. Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcəkdir. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaqdır; Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsinə səbəb Azərbaycan Respublikasının Vətən Müharibəsində tarixi qələbəsidir. 
Prezident tarix baxımından qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında nüfuzlu bir dövlətə çevirməsi, cənab İlham Əliyevin nümayiş etdirdiyi liderlik xüsusiyyətləri, diplomatik məharət, Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasət dünya miqyasında, türkdilli xalqlar arasında və Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. 

Məhz Prezident İlham Əliyevin diplomatik səyləri və məharəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı, erməni yalanları beynəlxlaq miqyasda ifşa olundu, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etdilər, ayrı-ayrı dövlətlər, dünya səviyyəsində tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu şəxsiyyətlər Ermənistanın işğalçılıq siyasətini pislədilər və Azərbaycanın haqq işinə dəstək verdilər. Məhz İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda güclü iqtisadi potensial formalaşdırıldı, güclü, müasir, qarşısında duran istənilən vəzifəni yerinə yetirməyi bacaran ordu yaradıldı. Məhz onun  sərkərdəlik və diplomatik məharəti sayəsində Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistanı diz çökməyə, kapitulyasiyaya məcbur etdi, Azərbaycan Ordusu tarixi ərazilərimizi işğaldan azad edərək Zəfər qazandı. 

Prezident İlham Əliyevin diplomatik məharəti və yürütdüyü ardıcıl, düşünülmüş siyasət güclü erməni diasporunun, Ermənistana dəstək verən Qərb dairələrinin, Ermənistanın ayrı-ayrı tərəfdaşlarının Azərbaycana qarşı yönəlmiş addımlarını neytrallaşdırdı, Ermənistanın izolyasiyasını, dalan dövlətə çevrilməsini təmin etdi. 

Bu arda bir maraqlı yanaşmaya diqqət edək: Moldovanın tanınmış blogeri, jurnalist Artur Yefremov yazır. Sitat: “İstər postsovet məkanında, istərsə də müasir dünyada Azərbaycan Prezidenti İlham Əliyev kimi liderləri barmaqla saymaq olar. Qarabağda təxminən otuz il davam edən işğala Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirib”. Və nəhayət, Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması onun türk dünyası qarşısında xidmətlərinə verilən ədalətli qiymətdir. 

# 2517
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar