Lent.az bildirir ki, İsrailin Azərbaycandakı səfiri Ronen Krausz APA-ya müsahibə verib. Səfir müsahibədə Yaxın Şərqdə baş verənlər, İsrailin İrandakı hərbi əməliyyatları, ABŞ və İran arasında atəşkəs, Livanda Hizbullaha qarşı davam edən quru əməliyyatları barədə danışıb.
İranla atəşkəs ABŞ və İsrailin koordinasiyalı səylərinin nəticəsidir
- Cənab səfir, İsrailin ABŞ və İran arasında elan edilmiş atəşkəs razılaşması ilə bağlı konkret olaraq hansı mövqedədir? Sizcə, bu atəşkəs İsrailin milli təhlükəsizlik maraqlarına uyğundur?
- Bəli, atəşkəs artıq bir neçə gündür elan olunub və bu, ABŞ və İsrailin koordinasiyalı səylərinin nəticəsidir. Buna görə də atəşkəs İsrail üçün sürpriz olmadı. Düşünürəm ki, atəşkəsin vaxtı son bir ayda hərbi əməliyyatlarda qazanılan nailiyyətlərə uyğunlaşdırılmışdı.
Hesab edirəm ki, indi iranlılarla səmərəli və açıq danışıqlar aparmaq üçün bir fürsət yaranıbsa və danışıqlar real nəticələr verərsə, həm ABŞ-ın, həm də İsrailin tələblərə real cavab tapılarsa, bu, dünyanın, o cümlədən İsrailin və İran xalqının, ümumilikdə isə regionun xeyrinə olacaq.
İran atəşkəsə əməl edərək, İsrailə, regiondakı Amerika maraqlarına və qonşu ölkələrə qarşı hərbi fəaliyyət göstərmədiyi müddətdə, həmçinin, səmimi şəkildə danışıqlara qatıldığı təqdirdə, biz İranın region və dünya üçün yaratdığı təhdidi aradan qaldıracaq bir razılaşmaya nail olacağıq. Mən buna ümid edirəm. Bu, bizim ilk gündən səsləndirdiyimiz əsas narahatlıqların həllinə gətirib çıxaracaq. Bura İranın əldə etməyə çalışdığı hərbi nüvə imkanları, sahib olduqları zənginləşdirilmiş uran, təkcə region və İsrail üçün yox, həm də Avropa üçün təhdid yaradan ballistik raket proqramı, eləcə də Tehranın müxtəlif qruplara - xüsusilə Hizbullah və Husilərə verdiyi dəstək daxildir. Burada əsas Hizbullah hələ də İsrail dövlətinə qarşı təhdid yaradır və hərbi əməliyyatlar həyata keçirməyə davam edir. Ümid edirəm ki, bu danışıqların nəticəsində müsbət nəticələr görəcəyik.
ABŞ-la birgə əldə etdiyimiz nailiyyətlərin siyahısına nəzər salsaq, görərik ki, ilkin olaraq qarşıya qoyduğumuz bir çox məqsədə nail olmuşuq
- İsrailin müxalifət lideri Yair Lapid hökumətin İranla müharibədə məqsədlərinə nail olmadığını iddia edib. Siz necə düşünürsünüz, İsrail bu qarşıdurmada strateji hədəflərinə çata bilibmi?
- Son 34–35 gün ərzində ABŞ-la birgə əldə etdiyimiz nailiyyətlərin siyahısına nəzər salsaq, görərik ki, ilkin olaraq qarşıya qoyduğumuz bir çox məqsədə nail olmuşuq.
Gəlin mən sizə qısa məzmunu təsvir edim. Ali Rəhbər və İslam İnqilabı Keşikçiləri Korpusu, hökumət, ordu və ümumilikdə İran rəhbərliyindən onlarla yüksək rütbəli şəxs aradan götürülüb. Donanmasının təxminən 90%-i, 150-dən çox gəmisi məhv edilib. Eyni zamanda, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə sistemlərinin sıradan çıxarılıb. Əsasən Livana və proksi qüvvələrə silah, raket və pul daşıyan onlarla təyyarə və helikopter vurulub. Yeraltında gizlədilən ballistik raketlərin tam olmasa da, əksəriyyəti sıradan çıxarılıb. Bununla da İranın İsrailə, qonşu ölkələrə, hətta Avropaya hücum imkanları əhəmiyyətli dərəcədə azalıb.
Bundan başqa, İranın yeni raket və dron istehsal etmək imkanları ciddi şəkildə məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, məhv edilmiş silahların yerini doldurmaq çox çətin olacaq. Bura metallurgiya sənayesinə ciddi zərbə vurulması, dəmir yolları və körpülər daxil olmaqla, milli infrastrukturun zədələnməsi, onlarla, hətta yüzlərlə polis idarəsi və bölməsinin, çoxsaylı hərbi bazanın və İslam İnqilabı Keşikçiləri Korpusunun bazalarının, hava limanlarının vurulması, həmçinin, İran xalqı üçün də təhlükə yaradan müxtəlif qüvvələrin təxminən 10 min üzvün zərərsizləşdirilməsi də daxildir.
Beləliklə, ümumi nəticəyə baxsaq, demək olar ki, bunu 100% uğurlu hesab etmək olmaz. Əlbəttə, hər şey tam məhv edilməyib. Amma düşünürəm ki, kifayət qədər təsirli və diqqətəlayiq nailiyyətlər əldə olunub.
_1775749040.webp)
Hesab edirəm ki, nəticələrimizlə fəxr etməliyik
- Cənab səfir, o zaman Yair Lapid açıqlamalarında şişirtməyə yol verib?
- Mən konkret olaraq cənab Lapidin dediklərinə münasibət bildirmək istəmirəm. Yenə də qeyd edim ki, İsrail demokratik ölkədir və əhali, xüsusilə də hökumət və müxalifət üzvləri öz fikirlərini bildirmək və düşüncələrini ifadə etmək hüququna malikdir. Bu, İsrail demokratiyasının bir hissəsidir.
Amma düşünürəm ki, əgər İsrailin son hərbi kampaniya zamanı əldə etdiyi nailiyyətlərə obyektiv şəkildə baxılsa, bu böyük rəqəmləri və əldə etdiyimiz təsirli uğurları görməzlikdən gəlmək mümkün deyil. Yenə də deyirəm, bu, 100% deyil, hər şey tam əldə olunmayıb. Əminəm ki, daha çox vaxt olsaydı, siyahıya əlavə nailiyyətlər də daxil edilə bilərdi. Amma hesab edirəm ki, nəticələrimizlə fəxr etməliyik.
Əgər kimsə iddia etmək istəyirsə ki, Livan da atəşkəsin bir hissəsidir, o, əslində Livanın İranın himayəsi altında olduğunu təsdiqləmiş olur
- Bir sıra ölkələr atəşkəsin Livanı da əhatə etməli olduğunu bildirir və İsraili orada hərbi əməliyyatlara son qoymağa çağırır. İran rəsmiləri və Pakistan Baş naziri atəşkəs razılaşmasının maddələrinin Livanı da ehtiva etdiyini bəyan edib. İsrail bu çağırışlara necə yanaşır?
- Düşünürəm ki, dünən ABŞ Prezidentin, ABŞ Vitse-prezidentin və Ağ Ev sözçüsünün xüsusi olaraq Livan faktoruna toxunduğunu gördük və eşitdik. Onlar açıq şəkildə bildirdilər ki, Livan atəşkəsin bir hissəsi deyil. Buna görə də, əsasən Hizbullahdan gələn təhdidlərə qarşı əməliyyatlarımızı davam etdiririk.
Yalnız dünən 10 dəqiqə ərzində İsrail ordusu Livanda 100-dən çox obyektə — qərargahlar, silah anbarlarına zərbə endirərək onları məhv etdi və bunlar Hizbullaha məxsusdur.
Hizbullahın hərbi kampaniya başlayandan bir neçə gün sonra İrana qoşularaq İsrailə hücum etməsi isə onların öz qərarı idi. Əgər kimsə iddia etmək istəyirsə ki, Livan da atəşkəsin bir hissəsidir, o, əslində Livanın İranın himayəsi altında olduğunu təsdiqləmiş olur.
Əgər atəşkəs İranla elan olunursa və dərhal avtomatik olaraq Livanı da əhatə edirsə, bu əslində o deməkdir ki, Livan da İranın bir hissəsidir. Məncə, vəziyyət belə deyil. Livan suveren ölkədir və hökumət artıq açıqlayıb ki, Hizbullahı legitim qüvvə kimi tanımır. Bu isə o deməkdir ki, Livan hökumətinin məsuliyyəti Hizbullah tərəfindən həyata keçirilən hər hansı fəaliyyəti dayandırmaq və aradan qaldırmaqdır, və onlar bunu etmədiyi müddətdə, İsrail bunu özü həyata keçirəcək. Çünki son bir neçə həftədə üzləşdiyimiz reallığa dözməyəcəyik. İsrailin şimal bölgələri yüzlərlə raket, tank əleyhinə bombalar və dronlarla vurulur və bu həmin ərazilərdə dözülməz vəziyyətə səbəb olur. İsrail ordusu əməliyyatlarını davam etdirəcək, Livandan gələn hər hansı təhdidi aradan qaldıracaq. Əlbəttə, vətəndaşlara qarşı hər hansı hücum və ya zərbəni önləmək üçün əlimizdən gələni edirik.
Onu qeyd edim ki, Livan xalqına hücum edilmir. Biz yalnız Hizbullah üzvlərini hədəf almağa çalışırıq. Amma müxtəlif kəndlərə təxliyə çağırışları etmişik ki, mülki əhali hərbi əməliyyatlar zamanı zərər çəkməsin.
Bununla belə, bu gün Litani çayının cənubunda yerləşən hər kəs düşmən hesab olunur və İsrail ordusu tərəfindən hədəf alınacaq. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasının şahidi olmamışıq. 1701 nömrəli qətnamə əslində Litani çayının cənubunda, “Mavi xətt”lə Litani çayı arasında Hizbullahın mövcudluğunun aradan qaldırılmasını təmin etməyi tələb edirdi, lakin icra olunmadı. Ona görə də Livan hökuməti və Livan ordusu ərazini nəzarətə götürmədiyi müddətdə bunu İsrail özü həyata keçirəcək.

İran iddia etsə ki, İsrailə qarşı hər hansı hücum Livanda Hizbullahın vurulmasına cavabdır, İsrail buna dərhal reaksiya verəcək
- Gələcəkdə İsrail lazım bilsə, müstəqil şəkildə İranda hərbi əməliyyatları yenidən bərpa edə bilərmi? Belə bir qərara hansı faktorlar təsir göstərə bilər?
- Düşünürəm ki, əvvəldə dediyim kimi, hələlik atəşkəsə və sabah İslamabadda başlayacaq planlaşdırılmış danışıqlara bir şans veririk. Ümid edirəm ki, İran danışıqlar masasına səmimi şəkildə gələcək və regionun, İsrailin, ABŞ-ın, Avropanın və dünyanın, həmçinin İran xalqının təhlükəsizlik ehtiyaclarını dəstəkləyən bir razılaşmaya nail olmaq üçün danışıqlar aparacaq. Əgər görsək ki, onlar səmimi şəkildə gəlir və nəticədə razılaşdırılmış bir sənədin imzalanmasına gətirib çıxaracaq danışıqlar aparır, düşünürəm ki, bu, ən yaxşı həll olacaq.
Amma əgər İran əvvəlki fəaliyyətlərini davam etdirsə, yəni raket sənayesini bərpa etmək üçün vaxt və pul xərcləyərək səy göstərsə, yaxud da istər Livanda, istər digər yerlərdə İsrailə düşmən olan proksi qüvvələrinə hansısa bir dəstək göstərsə, eləcə də, hər hansı səbəbdən İran tərəfindən hücum baş versə, İsrail özünü müdafiə edəcək, reaksiya verəcək və əks-hücuma keçəcək. İranın iddialarına görə, Livan atəşkəsin bir hissəsidir. Amma bu, belə deyil. İran iddia etsə ki, İsrailə qarşı hər hansı hücum Livanda Hizbullahın vurulmasına cavabdır, İsrail buna dərhal reaksiya verəcək. Amma yenə də daha nikbin olmağa çalışıram və ümid edirəm ki, növbəti bir-iki həftədə danışıqlara sərf olunacaq səylər hər kəsi qane edən bir həll yolu gətirəcək. Düşünürəm ki, hər kəs ABŞ-a və İsrailə bu nəticəni əldə etmək üçün göstərdikləri böyük səylərə görə təşəkkür etməlidir.