Ukraynada yaşayan soydaşımız Qazaxıstan Respublikasının Ukraynanın Xarkov, Poltava və Sumsk vilayətləri üzrə fəxri konsulu təyin edilib.
Fəxri konsul Emin Nəcəfli Azərbaycanın Ağcabədi rayonunda anadan olub və hazırda Ukrayna vətəndaşıdır. Xarkovda fəxri konsulluğun açılışı münasibətilə keçirilən mərasimə Emin Nəcəfli, Qazaxıstan Respublikasının Ukraynadakı səfiri Samat Ordabayev, Xarkov Vilayət Şurasının sədri Sergey Çernov və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, ictimai-siyasi xadimlər, yerli KİV-lər iştirak ediblər.
Xarkovda fəxri konsulluğun açılmasının əhəmiyyətindən danışan səfir Samat Ordabayev bildirib ki, bu, Qazaxıstan və Ukrayna arasında strateji əməkdaşlığın daha bir göstəricisidir.
Bunun Xarkovda sayca 14-cü fəxri konsulluq olduğunu deyən Sergey Çernov isə bildirib ki, Ukrayna və Qazaxıstanın inkişaf etməsi, dünya iqtisadiyyatında öz yerlərini axtarması, dost əlaqələrinə malik olmağa çalışması çox əhəmiyyətlidir.
Səfir Azər Xudiyev isə fəxri konsulun əslən azərbaycanlı olmasını qürurverici hal adlandırıb. Bildirib ki, E.Nəcəfli bu şərəfli işin öhdəsindən layiqincə gələcək. “O, bu təyinatı ilə məsuliyyət və şərəf borcu daşıyır, axı bu gün Qazaxıstan xəritədə yalnız ad deyil, bu indi onun məsuliyyət zonasıdır, böyük ölkənin etibar borcudur. Bu ölkənin imicini və adını müdafiə etmək şərəfi ona qismət oldu", - A.Xudiyev əlavə edib.
Fəxri konsul E.Nəcəfli isə qeyd edib ki, Ukrayna-Qazaxıstan əlaqələrinin inkişafı üçün səylərini maksimum ortaya qoyacaq.
"Tam dərk edirəm ki, fəxri konsul kimi təyinatım çox şey tələb edir. Fəxri konsul olmaq - bu, hər şeydən əvvəl, Qazaxıstan xalqı qarşısında olduğu kimi, həm də Ukrayna xalqı qarşısında da məsuliyyətdir. Yeni fəaliyyətimlə insanlara mümkün qədər çox fayda gətirmək istəyirəm", - deyə o bildirib.
(AZƏRTAC)